Sentyabrın 2-də SOCAR-a məxsus Dərin Dəniz Özülündə yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb. Son günlər SOCAR-a aid müəssisədə artıq ikinci yanğın qeydə alınır. Avqustun 30-da SOCAR-a məxsus Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş vermişdi.
Bundan öncəki yazıda bildirmişdik ki, Bakıda beynəlxalq tədbirlərdən əvvəl oxşar olaylara bir neçə dəfə şahidlik etmişik. 2015-ci ilin iyun ayında paytaxtımızda keçirilən Avropa Oyunları öncəsi (mayın 19-da) Binəqədi rayonunda, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın oldu. Bu hadisənin qəsddən törədilməsinə dair iddialar var.
Hazırda Bakı iki beynəlxalq tədbirə hazırlaşır: sentyabrın 12-15-i aralığında “Formula 1” yarışları keçiriləcək, noyabrda isə COP29 tədbiri olacaq.
Bu yanğınlar qəsddən törədilə bilərmi? Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
İlham Şaban
Mövzunu Globalinfo.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, sözügedən hadisələrin heç birinin səbəbi açıqlanmadığından nəzəri baxımdan bütün mümkün versiyalar haqda fikir yürütmək olar.
Onun fikrincə, yanğınların baş verməməsi üçün sadəcə hökumətin qəbul etdiyi texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır:
“Bunun üçün nəzarət mexanizmləri praktikada işləməlidir. Necə ki, BP və tərəfdaşlarının həyata keçirdikləri layihələrdə biz bunu müşahidə edirik. 590 milyon ton neft, 47 min ton kondensat və ümumilikdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 450 milyard kubmetrdən çox səmt və təbii qaz hasil ediblər. Hansısa fövqəladə hadisə yaşanıbmı, insan itkisi olubmu? Yox! Demək, praktikada bu cür nailiyyətlərə nail olmaq mümkündür”.
Rəşad Rza
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, bu, təbii haldır:
“Bu kimi yanğınları illər boyu müşahidə etmişik. Neftlə bağlı müxtəlif yanğınlar, partlayışlar baş verir. Hətta bəzi hallarda xəsarət alan və ölənlər də olur. Fikrimcə, bunların baş verməsi təbii haldır. Əlbəttə, burada təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl olunmalıdır. Bundan başqa, texnikanın sazlığı da önəmli məsələdir. Amma yenə də məsələ araşdırılmalı, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı tədqiqat aparılmalıdır. Bilinsin ki, bu, texnikanın nasazlıqdan, ehtiyatsızlıqdan yaranıb, yoxsa, təbii prosesdir. Yenə də tədbirlər maksimum səviyyəyə qaldırılmalı, texnikalar yenilənməlidir ki, bu cür halların qarşısı alınsın”.
Zaira Akifqızı
Globalinfo.az