Xəzərdəki “Abşeron” qaz-kondensat yatağında 12 il sonra ilk təbii qazın hasilatına başlanıb. Diqqətçəkən məqam isə budur ki, yataqdan qazın hasilatı Fransaya məxsus “TotalEnergies” şirkətinə verilib. Rəsmi Paris ilə Bakının münasibətlərinin soyuq olduğu bir zamanda belə bir qərarın verilməsi bəzi suallar yaradır.
Maraqlıdır, Fransa ilə indiki gərgin münasibətlər fonunda bu məsələ necə izah edilir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Fransa etibarsız, ikiüzlü, ermənipərəst ölkədir:
“44 günlük müharibə və sonrasında yaşanan siyasi proseslər zamanı Parisin Ermənistana verdiyi açıq dəstək unudulmamalıdır. Təsadüfi deyil ki, bu gün iki ölkə münasibətləri soyuqdur. Fransanın ölkəmizdəki səfiri müəyyən vaxtlarda xarici işlər nazirliyinə çağırılaraq ölkəsinin sərgilədiyi antiazərbaycan mövqeyinə görə xəbərdar edilir.
Dünya siyasi arenasında da Fransa ilə Azərbaycan qarşılıqlı diplomatik atışmaları ilə tez-tez gündəm olur. Xüsusilə Fransanın erməni separatçılarına açıq dəstəyi Bakını narazı salan başlıca məqamlardandır. Bundan başqa Fransa Ermənistan-Azərbaycan danışıqlar prosesinə də müdaxilə etmək istəyir.

Qabil Hüseynli
Təbii ki, siyasi münasibətlər öz növbəsində iqtisadi münasibətlərə də təsir edir. Lakin bəzi sahələr var ki, onlar üzərindən gərginlik etmək heç bir tərəfə fayda vermir. Məhz neft və qaz hasilatı buna misal ola bilər. Müqayisə üçün deyim ki, İsrail və Türkiyə münasibətləri “Mavi Mərmərə” olaylarından sonra pisləşsə də iqtisadi münasibətlər davam etdi.
Fransa neft və qaz hasilatında dünyanın texnoloji baxımdan ən ixtisaslı ölkələrindəndir. “TotalEnergies” şirkəti ilə Azərbaycan uzun illərdir əməkdaşlıq edir. Hesab edirəm, qeyd etdiyim sahə strateji bir sahə olduğu üçün rəsmi Bakı bu gərginliyin bu kontekstə keçməsinə maraqlı deyil. Fransa özü də gərginliyin iqtisadi sferaya keçməsini istəmir”.
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə bildirib ki, dünyada qaz hasilatı üzrə ixtisaslaşmış beş şirkətdən biri də məhz Fransanın “TotalEnergies” şirkətidir:
“Şirkətin maddi-texniki, eləcə də texnoloji imkanları bir çox şirkəti qabaqlayır. Hətta Britaniyanın bp şirkəti belə texnoloji imkanlarına görə “TotalEnergies”dən geridə qalır. “Abşeron” qaz-kondensat yatağından qazın nəqlinin bu şirkətə verilməsinin bir digər səbəbi də yatağın özü ilə bağlıdır. Belə ki, “Abşeron” yatağı məhsuldar olsa da qazın çıxarılma prosesi “Şahdəniz” yatağından daha mürəkkəbdir. Yəni dövlətin “TotalEnergies” şirkətinə üstünlük verməsi həm yatağın mürəkkəbliyi, həm də şirkətin texnoloji imkanları ilə bağlıdır.
İlham Şaban
Təəssüf ki, Azərbaycanın özünün birbaşa bu və bu kimi mürəkkəb yataqlardan qaz hasil etmək imkanları çox məhduddur. Buna görə də qaz hasilatı xarici ölkə şirkətlərinə verilə bilir.
O ki qaldı Fransa ilə siyasi münasibətlərin gərgin olmasına, deyə bilərəm ki, “TotalEnergies” şirkəti bu və digər məsələlər ilə bağlı rəsmi açıqlama verib. Yəni Fransa-Azərbaycan münasibətləri, eyni zamanda rəsmi Parisin ermənilərə dəstəyinin onlar ilə bağlı olmadığını, özəl şirkət olduqları üçün bu məsələlərə qarışmadıqlarını bildiriblər”.
Turan Rzayev
Globalinfo.az