
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***17:16
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***16:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
X X X
Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olunub.
Globalinfo.az həmin görüntüləri təqdim edir:
***16:03
Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
“Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb”, məlumatda deyilir.
X X X
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***15:54
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.
Globalinfo.az bildirir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.
O bildirib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.
***15:17
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
X X X
Bu dəqiqələrdə Suraxanı rayonu ərazisində dəhşətli yanğın başlayıb.
Globalinfo.az-ın oxucuları hadisə ilə bağlı fotolar və video göndəriblər.
Hadisənin ATEF-ə məxsus fabrikin ərazisində baş verdiyi bildirilir.
Qeyd edək ki, yanğının neft çənlərində baş verdiyi deyilir.
Xəbər yeniləcək…