teleqrafadmin 1

Son illərdə Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə edilir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla bağlı mövqeyi, qarşılıqlı səfərlər, prezidentlərin şəxsi münasibətləri yüksək səviyyədədir. Sülhməramlıların Qarabağdan vaxtından tez çıxması Kremlə münasibəti bir qədər də yumşaldıb. Lakin bununla belə ölkə ictimaiyyətində Rusiyaya qarşı münasibət birmənalı deyil: hələ də rəsmi Moskva bir sıra məsələlərdə günahkar hesab edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, 44 günlük Vətən müharibəsinə qədər Rusiya əsasən Ermənistanı dəstəkləyir və Qarabağın işğalda qalmasına zəmin yaradırdı:

“Azərbaycan da hər zaman Rusiyaya öz iradlarını bildirirdi. Rusiya ilə bağlı neqativ ictimai fikrin əsas səbəbi Qarabağın işğalda qalması idi.

Rəsmi Bakı sərrast addım ataraq Rusiya kimi qonşu dövlətlə müharibə aparmaq əvəzinə diplomatik, iqtisadi münasibətlər qurdu. Nəticəsi isə göz qabağındadır. Artıq Qarabağ məsələsi tam ədalətli şəkildə – Azərbaycanın xeyrinə həll olunub”.

Politoloqun sözlərinə görə, Azərbaycan Rusiyaya öz istəklərini qəbul etdirə bilib:

“Uzunmüddətli danışıqlar, Türkiyə ilə qurulan əlaqələr, eyni zamanda Rusiyanın rəsmi İrəvanı əvvəlki qədər dəstəkləməməsi Azərbaycana imkan verdi ki, Ermənistanla döyüş meydanında tək qalıb torpaqlarını azad etsin. Həqiqətən, Azərbaycan 30 il ərzində böyük işlər görüb, hazırlıqlar apardı. Rəsmi Moskva da bu müddət ərzində Bakı ilə münasibətləri pozmadı. Hətta İkinci Qarabağ müharibəsindən sonra münasibətlər bir qədər yüksək səviyyəyə çatdı. Rusiya rəhbərliyi Qarabağı Azərbaycan torpağı kimi tanıdığını bəyan etdi.

Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri göstərdi ki, münasibətlərdə inkişaf davam edir. İllərdir dəstək verdiyi Ermənistan kimi Azərbaycan Qərbin Rusiyaya qarşı heç bir həmləsində yer almayıb. Rusiya-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafı Qərbi narahat edir”.

ramiye 61595692989

Ramiyə Məmmədova

R.Məmmədovanın fikrincə, Qərb Ermənistan ərazisinə girməklə Rusiyaya qarşı ikinci cəbhə yaratmaq istəyir:

“Prezident İlham Əliyev dəfələrlə bildirib ki, torpaqlarımızı hansısa dövlətə qarşı istifadə etməyə qoymayacağıq. Bu, düzgün siyasətdir. Ermənistanda baş verən proseslər Rusiyanın da nəzərindədir. Əvvəl olsaydı, Putin Bakıya səfərinin ardınca Ermənistana gedərdi. Amma bu dəfə etmədi”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: