“İranın ideoloji təxribatına türk-islam ideologiyası ilə cavab verilməlidir” – Politoloq

“İranın ideoloji təxribatına türk-islam ideologiyası ilə cavab verilməlidir” - Politoloq

İranın Azərbaycana qarşı çirkin və şər-böhtan dolu kampaniyası davam edir. Tehran rejimi indi də bir qrup dönükdən istifadə edərək, ölkəmizə qarşı ideoloji təxribatlar edir.

İrana sığınmış azərbaycanlı “dindarlar”, əslində İran xüsusi xidmət orqanlarının təsir agentləri ölkəmizlə bağlı müxtəlif platformalarda çıxışlar edirlər. Əsas xətt budur ki, Azərbaycanda islam dövləti yaradacaqlar. İkinci xətt isə bundan ibarətdir ki, Azərbaycan hökuməti insanları dini inanclarına görə təqib edir. Guya din rəsmi siyasətlə sıxışdırılır və s.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, o, İranın Azərbaycana nə qədər dərindən müdaxilə etdiyinin şəxsən şahidi olub.

“Mən bunu ilk dəfə Cənub bölgəsində hərbi xidmətdə olarkən gördüm. Bütün o regionda vətəndaşlarımız rahat şəkildə İran televiziyalarını izləyirdi. İranın Azərbaycana narkotik müdaxiləsi ikinci təsir rıçaqlarından idi və ən güclü təsir rıçaqı din adı altında məzhəb müdaxiləsi oldu. Ötən əsrin 90-cı illərində İran Azərbaycanın din sahəsinə tam müdaxilə etdi və onu nəzarətə götürdü. Bakının mərkəzində belə məscidlər, orada imamlıq edən mollalar, din xadimləri İranın nəzarətində idi. O zaman müstəqilliyi yeni bərpa etmişdik, Qarabağ müharibəsi və s. problemlər vardı. Amma indi müharibədə qalibiyyətindən sonra Azərbaycan dirçəliş dövrünü yaşayır və bununla bağlı mübarizəyə də yeni başlayıb”.

Politoloq hesab edir ki, burada cavab siyasi-ideoloji məktəbimizin dirçəlməsi və dövlət səviyyəsində bərqərar olunması ilə verilə bilər:

“Çünki onlar ortaya bir ideologiya qoyub və buna ən az onun qədər dərin ideologiya ilə cavab verməliyik. Bunun qarşısını yalnız türk-islam ideologiyası ilə almaq olar. Bunun üçün Türkiyə təcrübəsindən və öz təcrübəmizdən istifadə etməli, tariximizi yenidən öyrənməliyik. Biz ancaq tariximizlə İranın ideoloji məzhəbinin ekspansiyasını dayandıra bilərik”.

Əhəd Məmmədli həmçinin vurğulayıb ki, İranın burada çox dərin desantı var:

“Onların Azərbaycanda yaşayış yeri də bəllidir, rahat şəkildə İranı müdafiə edir, onu haqlı çıxarmağa çalışırlar. Buna hüquq mühafizə orqanları yerindəcə cavab verməlidir”.

Gülnar Səlimova,

Globalinfo.az