Tovuz döyüşlərinin başlamasından 4 il ötür. Bu döyüşlər Azərbaycan tarixində xüsusi yer tutur və 44 günlük Vətən müharibəsinin başlanğıc nöqtələrindən biri hesab olunur.
Lakin fərqli versiya səsləndirənlər də var. Həmin versiyalardan biri də odur ki, guya Qərb cəbhəsində eskalasiya olmasa idi, İkinci Qarabağ müharibəsi baş verməyəcəkdi.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov İkinci Qarabağ savaşının qaçılmaz olduğunu bildirib.
Onun fikrincə, 1994-cü ildən başlayaraq Azərbaycan tərəfi torpaqlarının işğaldan azad edilməsi istiqamətində hazırlıqlarını görüb:
Samir Hümbətov
“Aparılan danışıqlardan məsələnin sülh yolu ilə həll olunmayacağı aydın görünürdü. Gözlənti də ondan ibarət idi ki, biz bu torpaqları gec-tez işğaldan azad etməliyik. Əlbəttə, birinci variant olaraq sülh yolu daha gözəl olardı. Çünki o zaman insan itkisi olmazdı, qan tökülməzdi, tərəflər arasında aqressiya baş verməzdi və s.
Politoloqun sözlərinə görə, Aprel döyüşləri test xarakterli olub:
“Əslində, Aprel döyüşlərində savaş test olundu, sonrakı mərhələdə də proses yoxlanıldı və yekun qərar ondan ibarət oldu ki, müharibənin baş verməsi qaçılmazdır. Tovuz döyüşləri isə əslində ictimai rəyin test edilməsinə şərait yaratdı. Bu döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, eləcə də bir neçə hərbçimizin şəhid olması xalqı ayağa qaldırdı. Dövlət bu itkilərlə barışmayacağını açıq şəkildə bildirdi. Tovuz döyüşləri əslində xalqın döyüşə hazır olduğunu ortaya çıxardı. Ümumi götürdükdə, İkinci Qarabağ müharibəsinin olacağına getdikcə əminlik artırdı. İstər İlham Əliyevin verdiyi tapşırıq və sərəncamlarda, istərsə də ondan əvvəlki dövrdə mərhum prezident Heydər Əliyevin ordumuzun qarşısına qoyduğu öhdəlik və tapşırıqlarda bunlar öz əksini tapmışdı. O baxımdan düşünürəm ki, Tovuz döyüşləri xalqımızın fikrini, düşüncəsini və bu məsələdə nə dərəcədə yekdil olduğunu bir daha nümayiş etdirmiş oldu. Beləliklə də, İkinci Qarabağ döyüşlərinə gedən yol açıldı, nəticədə biz gücümüzün, iradəmizin hesabına torpaqları işğaldan azad etdik”.
Hərbi ekspert Emin Həsənli deyib ki, müharibənin başlaması ilə bağlı müxtəlif fikirlər var:
Emin Həsənli
“Bilirsiniz, İkinci Qarabağ müharibəsi bütün hallarda başlayacaqdı. Çünki Azərbaycan güclü ordu yaratmağa başlamışdı. Prezident İlham Əliyev 2008-ci ildə andiçmə mərasimində qeyd edirdi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çox olacaq. Qarabağa qayıdış istiqamətində ümumiyyətlə, çox işlər görüldü. Açığı, müharibənin baş verməsinə Mübariz İbrahimovun da şəhid olması təsir etdi, Tovuz döyüşlərindən öncəki Aprel döyüşləri də, 2018-ci ildə Naxçıvandakı əməliyyat da. Hətta o zaman İrəvana vaxt verilmişdi. Sadəcə, Tovuz döyüşləri bütünlükdə xalqa təsir etdi. Azərbaycan xalqı general Polad Həşimov başda olmaqla, digər şəhidlərimizin olmasını böyük etirazla qarşıladı. Vətəndaşlar küçələrə axışdı, Ali Baş Komandan silah istədi, döyüşə hazır olduğunu açıq elan etdi”.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan dövləti illərdir hazırlıqlar görürdü:
“Xüsusi Təyinatlı Qüvvələrin, həm bütünlükdə ordunun hazırlığı, yeni texnikanın alınması, silahlı qüvvələrin saxlanması, ard-arda olan hərbi təlimlər göz önündə idi. Bir sözlə, bu istiqamətdə böyük işlər görülürdü. Qeyd edək ki, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə təlimlər keçirirdilər. Bundan başqa artıq ehtiyatda olan hərbçilər də təlimlərə cəlb olunurdu. Lakin o hadisələrdə Tovuz döyüşlərinin də rolu oldu. Amma bütünlükdə demək olmaz ki, Tovuz hadisələri olmasa, müharibə başlamayacaqdı. Bu, doğru yanaşma deyil”.
Emin Həsənli müharibədən öncə İrəvanın danışıqlardan imtina etdiyini bildirib:
“Ermənistanın baş naziri deyirdi: “Qarabağ Ermənistandır, nöqtə”. Azərbaycan Prezidenti isə “Qarabağ Azərbaycandır və nida!” fikrini söylədi. Bu şüar Azərbaycan xalqını müharibəyə, Vətən savaşına hazırladı. Beləliklə də torpaqlarımızı işğaldan azad etdik. Ondan öncə may ayında keçmiş qondarma rejimin “başçısının” Şuşada “andiçmə” komediyası və digər hadisələr üst-üstə toplanırdı. Bu da prosesə təsir edirdi. Azərbaycan dövləti artıq beynəlxalq aləmi inandırmışdı ki, başqa yolumuz qalmayıb və Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla həll etməlidir”.
Zaira Akifqızı
Globalinfo.az














