cadf6b1d 129e 460a bd68 dd28fbec2976

AVRO-24 başlayandan bu yana azərbaycanlı futbol şərhçilərinin oyun şərhi ictimaiyyətdə tənqid edilir. Azərbaycanlı şərhçiləri türk və rus şərhçilərlə müqayisə edilərək, onların daha yaxşı olduğunu deməkdən çəkinmirlər. Buna baxmayaraq, bizim şərhçilərin şərhləri əsasən, Türkiyə ictimaiyyətində çox bəyənilir və təqdir edilir.

Amma bəzən əksi ilə də rastlaşırıq. Məsələn, iyulun 2-də Türkiyə-Avstriya oyununda Tural Dadaşovun şərhi Türkiyə ictimaiyyəti, o cümlədən idman sferasında böyük maraqla qarşılanıb. Xüsusilə də onun matçın son dəqiqələrində qapıçı Mərd Demiralın topu son anda qapıdan çıxarmasına verdiyi reaksiya, şərh qardaş ölkədə trend olub.

Maraqlıdır, belə olan halda nəyə görə Azərbaycanda futbol şərhçiləri bu qədər tənqid edilir?

Mövzunu Globalinfo.az -a dəyərləndirən Türkiyə-Avstriya oyununun şərhçisi Tural Dadaşov deyib ki, şərhçilərin tənqid olunması təkcə Azərbaycanda rast gəlinən hal deyil.

O, digər ölkələrdə də belə halın yaşandığını bildirib:

“Rusiya, Türkiyə mətbuatını, sosial şəbəkələrini izləyirəm. Orada da futbol şərhçiləri həmişə “güllə” qarşısında olurlar. Məsələn, bizim sahədə, televiziyada ən çox tamaşaçı tələbkarlığı mövcuddur. Bu, digər aparıcılara, jurnalistlərə də aiddir. Amma futbol şərhçilərinə qarşı konkret tamaşaçı qəddarlığı var. Bu, həqiqətən belədir. Çünki futbolu çox adam bilir, maraqlanır, incəliklərinə bələddir. Ani bir səhv dərhal vəziyyəti dəyişir. Tamaşaçının Rusiya və Türkiyə şərhçilərini bəyənməsinə gəlincə, bu, zövq məsələsidir. Bir şərhçi hamının xoşuna gələ bilməz. Hər tamaşaçının öz tələbləri və həmin tələblərə uyğun gözləntiləri var. Hansı şərhçi onun gözləntilərini qarşılayırsa, o da sevimli şərhçisi olur. Məsələn, dövri qədimdən Rusiya şərhçilərini dinləyən yaşlı nəsil əsasən, rus şərhini bəyənir. Onlar elə alışıblar və indi yeniliklər gələndə onu qəbul edə bilmirlər, buna normal baxmırlar, bəyənmirlər, tənqid edirlər. Lakin yeni nəsil daha çox türk üslublu şərhi, meydanda baş verən hadisələrə üstünlük verilən şərhi bəyənir”.

18301381 1902317440024720 64072692369532449 n
Tural Dadaşov

Tural Dadaşov bu gün Azərbaycanda həqiqətində güclü futbol şərhçilərinin olduğunu qeyd edib:

“Artıq yeni məktəb formalaşıb və onları da bəyənən kütlə kifayət qədərdir. Son illər Azərbaycan şərhçiləri qəbul edilir”.

Şərhçi Türkiyədə təqdir edilməsinə də toxunub:

“Şərhimlə bağlı yayılan videonu görmüşəm. Dediyim sözlər anında olan bir şey idi. Əlavə olunmuş 4-cü dəqiqənin bitməsinə saniyələr qalmış qapıçı o cür qurtarış etdi və həmin həyəcanın içində ürəkdən gələn söz oldu. Çalışdım ki, həmin ana, Mərtin hərəkətinə layiq bir şərh edim. Necə ifadə etdim, deyə bilmərəm. Ümid edirəm, yaxşı alınıb. Həmin məqamda ürəkdən gələn sözlər idi.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: