turk millisi 11 1

Dünən AÇ-2024-ün qrup mərhələsinin ilk turunda keçirilən oyunda Türkiyə millisi Gürcüstan komandasına 3-1 hesabı ilə qalib gəlib. Bu nəticə müzakirələrə səbəb olub.

Görəsən, Türkiyə 4/1 finala qədər irəliləyə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən tanınmış idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, Türkiyə yığmasının Gürcüstan üzərində qələbəsi ikili fikir formalaşdırdı.

O deyib ki, komanda oyunu mükəmməl deyildi, amma əvəzində ayrı-ayrı futbolçuların fərdi keyfiyyəti ön plana çıxdı:

“Avropa çempionatında nizam-intizamlı komanda oyunu sərgiləyənlər uğura ümid edə bilərlər. Futbolçuların fərdi keyfiyyəti hər oyunda nəticə verməyə bilər. Xüsusən də müdafiə planında Türkiyə yığmasının ciddi problemləri olduğu üzə çıxdı. Türkiyə yığmasının oyunu belə görünürdü: Sanki hər kəs hücum etmək istəyir, amma müdafiəyə qayıtmaq istəyən yoxdur. Ona görə də, Gürcüstanın əks-hücumları zamanı müdafiə xəttində ciddi boşluqlar yaranırdı. Gürcüstanlı futbolçular yaratdıqları şanslardan maksimum yararlansa idilər, indi biz Türkiyənin qələbəsindən danışmazdıq. Gürcülərin təcrübəsi çatmadı. Amma qarşıdakı oyunlarda rəqiblər daha ciddidir. Çexiya və Portuqaliya belə boşluqları Türkiyəyə bağışlamayacaq. Ona görə də, daha nizam-intizamlı futbol oynamaq lazım gələcək. Ümid edək ki, baş məşqçi bu amili futbolçulara aşılaya biləcək”.

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı

N.Muxtarlının fikrincə, indi əsas vəzifə qrupdan çıxmaqdır:

“Amma Türkiyə yığmasında kollektiv oyun keyfiyyəti artmasa, nəinki ¼ final, heç qrupdan çıxmaq da real olmayacaq. Ayrı-ayrı futbolçuların fərdi oyun keyfiyyətinə aldanmaq olmaz. Avropada belə futbolçuları zərərsizləşdirməyin yolunu bilirlər. Arda həmişə uzaq məsafədən qol vurmayacaq. Kollektiv, nizam-intizamlı oyun ön planda olmalıdır. Rəqibin müdafiə xəttini yarmaq üçün bir neçə variantı olmalıdır komandanın. Hər halda, ikinci turda bu aspektdə bir çox suallara aydınlıq gələcək. Ümid edək ki, Türkiyə yığmasında emosional yox, intizamlı oyun olacaq. Onda nəticə də olar. Çünki bu futbolçular hər cür tapşırığı yerinə yetirməyə qadirdirlər. Sadəcə, onlara indi türk çılğınlığı yox, avropalı soyuqqanlığı lazım olduğunu aşılamaq vacibdir”.

Əməkdar jurnalist, idman yazarı Aydın Bağırov dünən Gürcüstan millisi ilə oyunda Türkiyənin çox çətinlik çəkdiyini qeyd edib:

“Bu da gözlənilən idi. Çünki adətən Avropa və Dünya Çempionatları kimi belə ağır yarışlar start komandalar üçün çətin alınır. Baxmayaraq ki, Gürcüstan ilk dəfədir belə mötəbər yarışa qatılır, amma gürcülərin komandası sehrli bir qutu kimi idi və heyətində yaxşı oyunçular var. Hətta ümumi heyətin 26 futbolçusundan 24-ü legionerdir. Belə bir layiqli mübarizə göstərəcəyi də gözlənilən idi. Gürcüstan millisi məğlub olsa da belə bir startla sadəcə, fəxr edə bilər. Türkiyə belə əhəmiyyətli yarışlarda qələbə qazanmaq istəyir ki, dünən çətinliklə də olsa bunun öhdəsindən gəldi. Hardasa 8/1 finala çıxmaq üçün bir az yaxınlaşdı. Amma rahatlaşmaq olmaz. Çünki qarşıda Portuqaliya və Çexiya kimi güclü komandalar var”.

İdmançılarımızın həyatına təhlükə var” - AÇIQLAMA - GlobalInfo.az

Aydın Bağırov

A.Bağırov dünən keçirilən Portuqaliya-Çexiya oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Demək olar ki, Çexiya çox çətin, qapalı oynayan, ağır komandadır. Ümumiyyətlə, Türkiyə ilə Çexiyanın oyunları həmişə çətin olub. Növbəti oyun iyunun 22-də Türkiyə və Portuqaliya arasında olacaq. İkinci oyunda artıq komandaları birinci turdakı kimi deyil, daha fərqli, hazırlıqlı görəcəyik. Təbii ki, həmin oyunların favoriti Portuqaliya sayılır. Buna görə düşünürəm ki, iyunun 26-da Türkiyə ilə Çexiyanın sonuncu oyunu həlledici olacaq və Türkiyə mütləq qələbə qazanmalıdır ki, 8/1 finala keçə bilsin. Əgər qrup üçüncüsü kimi çıxsa, ona çətin ola bilər. Artıq 8/1 finalda onun rəqibləri Fransa kimi komandalar olacaq. Ona görə də yaxşı olardı ki, Türkiyə qarşıdakı iki oyunda heç olmasa 3 xal toplaya bilsin. Çexlərlə oyunda qələbə qazanmalıdır ki, ən azından 8/1 finala qrup ikincisi kimi vəsiqə əldə edə bilsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: