makron kaledoniya

Fransa Prezidenti Emmanuel Makron, daxili işlər, müdafiə və dənizaşırı ərazilər üzrə nazirləri ilə birgə səfər edib. Səfərin məqsədi adada mövcud vəziyyəti yerində müşahidə edib gərginliyi azaltmaqdır. Bəzi ekspertlər hesab edir ki, bu səfər adada gərginliyi daha da artıracaq.

Makronun səfəri Yeni Kaledoniyadakı vəziyyətə nə kimi təsir göstərə bilər? Yeni Kaledoniya öz müqəddəratını təyin edə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Yeni Kaledoniyada baş verən hadisələr və gedişat onu göstərir ki, Fransa müstəmləkə siyasətindən geri durmaq istəmir:

“Ümumiyyətlə rəsmi Paris uzun illərdir adada, assimilyasiya siyasəti yürüdür. Bu siyasət çərçivəsində adanın yerli əhalisi olan kanaklar zorla fransızlaşdırılmağa çalışılır.

Adada açıq şəkildə kanakların dili, mədəniyyəti unutdurularaq yeni nəsil fransız kimi yetişdirilməyə təşviq edilir. Fransanın on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəməsi isə kanakların səbrini daşıran detal oldu.

Aydın məsələdir ki, bu addım ilə Paris demoqrafik müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni xeyrinə dəyişmək istəyir”.

Ekspert Makronun adaya səfəri haqda da danışıb:

“Emmanuel Makronun indiki məqamda adaya səfəri gərginliyi azaltmağa hesablanıb. Lakin vəziyyət qarşısı alınacaq mərhələni çoxdan keçib. Yəni proseslər kifayət qədər qəliz bir hal alıb.

Hesab edirəm, məsələ bu tezlikdə bitməyəcək və Fransanın adada nəzarəti bərpa cəhdləri nəticəsiz qalacaq. Kanaklar Fransanın assimilyasiya siyasətinə daha dözmək istəmirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: