Avropa Komissiyasının rəsmi nümayəndəsi qurumun Prezidenti Ursula von der Leyenin Ukraynanın müharibədə 100 mindən çox hərbçisini itirməsi sözlərinə aydınlıq gətirib.
Globalinfo.az bildirir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spitant tviter hesabında Leyenin videomüraciətində Ukraynada ölən və yaralanan hərbçilərin ümumi sayını nəzərdə tutduğunu bildirib.
“Xarici mənbələrdən əldə edilən həmin rəqəm ümumi itkilərə, yəni həm ölənlərin, həm də yaralananların sayını göstərməli və Rusiyanın amansızlığını nümayiş etdirməli idi”, o vurğulayıb.
Xatırladaq ki, Ursula von der Leyen bu gün yayımlanan videomüraciətində Ukraynanın Rusiya ilə müharibədə 100 mindən çox hərbçisini itirdiyini bəyan edib. Lakin daha sonar Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib.
Ukrayna Baş Qərargahı təkziblə çıxış edərək rəqəmin doğru olmadığını açıqlamışdı.
Ukrayna tərəfi sonuncu dəfə avqust ayında öz itkiləri barədə açıqlama vermişdi və o zaman 9 mindən çox hərbçisinin ölümünü təsdiqləmişdi.
***15:25
Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib.
Globalinfo.az bildirir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bu gün səhər yayımlanan videomüraciətində Rusiyanın hücumu nəticəsində 20 mindən çox mülki şəxsin və 100 mindən çox Ukrayna hərbçisinin həlak olması ilə bağlı məlumat yer alıb.
Bir qədər öncə həm Avropa Komissiyasının saytında, həm də Ursula von der Leyenin rəsmi tviter hesabında videonun həmin hissəsi silinib.
***13:00
Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.
Globalinfo.az bildirir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib.
O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: “Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.