zengezur 1543 1

“İran əvvəlcə bölgəyə kənar qüvvələrin gətirilməsi ittihamını Azərbaycana qarşı sürsə də bunu edən ölkənin Ermənistan olduğunu yaxşı anlayırdı. Sadəcə olaraq, bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar, o cümlədən burada Ermənistanın bu və ya digər formada müdafiə edilməsi məqsədi də var idi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin “regiona aidiyyəti olmayan qüvvələrin bu coğrafiyaya hər hansı şəkildə müdaxiləsi qəbuledilməzdir” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı-Tehran xəttində gərginliyin müəyyən qədər arxada qalması İranın reallıqları etiraf etməsinə səbəb oldu:

“Digər tərəfdən, görünür, İranın Ermənistanla bağlı qurduğu planlar da baş tutmayıb. Bu planlardan biri Ermənistanda İranın hərbi kontingentinin yerləşdirilməsi ola bilər. Zəngəzurda hərbi baza qurmaq istədiklərinə dair məlumatlar var idi. Rəsmi İrəvan bunu qəbul etmədiyi üçün İran artıq daha açıq şəkildə danışır.

İranın Ermənistana kənar qüvvələrin bölgəyə gətirilməsi ilə bağlı ilk açıq xəbərdarlığı ötən ilin dekabrında Rəisi və Paşinyan arasındakı telefon danışığında edilib. Daha sonra bu xəbərdarlıq müxtəlif kanallarla Ermənistana çatdırılıb. Son dövrlər İran daha intensiv şəkildə bu məsələyə diqqət ayırır. Çünki Ermənistan bütün xəbərdarlıqlara baxmayaraq, Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüş bu istiqamətdə həlledici ola bilər.

Tehran anlayır ki, bölgəyə gələn Qərbin əsas hədəfi Rusiya olsa da, bu qüvvələr İranın sərhədlərinə yerləşdirilir və Ermənistanın anti-İran platforması olacağı istisna edilməməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: