Son zamanlar İranın İsraillə yanaşı, ABŞ-la da münasibətləri getdikcə gərginləşir. Qəzzada davam edən müharibədə Tehranın əsas günahkar kimi Vaşinqtonu hədəf görtərməsi, Yəmən, İraqda və regional bölgələrdə İrana bağlı qruplaşmaların ABŞ bazaları və gəmilərini hədəf alması vəziyyəti daha da ciddiləşdirib.
ABŞ prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Con Fayner İrana bağlı qruplaşmaların İraqdakı bazalara aviazərbə endirdiyi üçün intiqam alınacağını açıqlayıb. Son zamanlarda Tehrandan da bənzər açıqlamalar eşidilir. Hətta İsrailin növbəti dəfə birbaşa İranı hədəf alacağı da deyilir. Bu haqda İsrailin baş naziri Benyamin Netanyahu da bu günlərdə açıqlama vermişdi ki, İrana hücum qaçılmazdır.
Beləliklə, İran-İsrail müharibəsi başlaya bilərmi? Belə bir müharibə Cənubi Qafqaza, xüsusi ilə Azərbaycana necə təsir göstərər?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov Vaşinqton və Tehran arasında vəziyyətin görünəndən tamam fərqli olduğunu bildirib:
“Yaxın Şərqdə ABŞ və İran arasında öncədən planlaşdırılmış bir oyun gedir. Bunu açıq şəkildə görürük. Vaşinqton və Tehranın bir-birilərini hədəf alacaqlarına inanmıram. Proksi qruplar üzərində müəyyən toqquşmalar ola, guya ABŞ bazasına hücum edilirmiş kimi bir mənzərə yaradıla bilər. İki ölkəyə bağlı qruplaşmalar bir-birilərinə avizərbələr endirə bilərlər. Lakin ABŞ və İran birbaşa müharibəyə girmək, bir-birilərinin ərazisində hücum etmək niyyətində deyillər”.
Politoloq bildirib ki, İran ABŞ və İsrail üçün bir növ vacib təsir vasitəsidir:
“İsrailin İrana mümkün hücumu ehtimalı məsələsi isə qəlizdir. Çünki bu ölkələr arasında münasibətlə tamam fərqli məcradadır. İran həm ABŞ, həm də İsrail üçün müsəlman dünyasının qalxanı rolunu oynayır. Yəni ərəb ölkələrini, sünni dünyasını İranla təhdid edirlər. Sünni dünyasının İranın güclənməsinə yanaşması fərqlidir. Bu baxımdan İsrailin də İranı birbaşa hədəf alacağını düşünmürəm. İran dəfələrlə ABŞ-ı, İsraili vuracağını bəyan edib, amma ortada heç nə yoxdur. Hətta İran ordusunun generalı Qasım Süleymaninin öldürülməsindən sonra belə Donald Tramp bunun danışılmış məsələ olduğunu açıqladı. Bu da onu göstərir ki, tərəflərin ciddi müharibə aparmaq niyyətləri yoxdur”.
“Əgər qarşıdurma olarsa, bundan region ölkələri, Cənubi Qafqaz ciddi zərər görə bilər. Hər hansı hücum halında İrandan region ölkələrinə, yəni Azərbaycana, Gürcüstana, Ermənistana kütləvi köç dalğasının başlamasına səbəb olar. Ona görə də, bu qarşıdurma bizim üçün arzuolunmazdır. Lakin müharibə ehtimalı sadəcə bəyanatlarda, söz oyununda qalacaq”, – politoloq qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az