akas 1

Ermənistanın Hindistandan orta mənzilli “Akaş” zenit-raket kompleksi ala biləcəyi ilə bağlı məlumatlar yayılır. Bildirilib ki, istehsalçı “Bharat Dynamics Limited” şirkəti artıq hava hücumundan müdafiə sistemi üçün ixrac sifarişləri alıb.

İrəvan nə üçün intensiv silahlanmağa başlayıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan 44 günlük müharibə zamanı silahlanmasında mövcud olan orta mənzilli hava hücumundan müdafiə sistemlərinin təxminən 70 faizini itirdi:

“İtkilərin yerini doldurmaq üçün Ermənistan hazırda bir çox ölkələrlə danışıqlar aparır. Onlardan Fransa və Hindistanla aparılan danışıqların daha intensiv olması ilə diqqəti cəlb edir. Əvvəlcə Ermənistanın Hindistandan “MR-Sam” zenit-raket komplekslərinin alınmasına dair xəbərlər yayılmışdı. Lakin bu məlumatın üzərindən bir il keçsə də həmin texnikaların rəsmi İrəvana çatdırılması ilə bağlı heç bir rəsmi məlumata rast gəlinmədi.

edalet 1681289097

Ədalət Verdiyev

Ermənistan “S-125 Peçora” zenit-raket komplekslərinin böyük bir hissəsini itirib. Ona görə də hazırda bu kompleksləri “Akaş” vasitəsilə yerini doldurmaq istəyir. “S-125”-əri bir çox ölkələr silahlanmasından çıxardıb. Ermənistanın müdafiə sənayesi xüsusilə də raket texnologiyaları sahəsi daha çox Almaniya, İsrail və Fransadan ehtiyat hissələri idxal edərək hazırlayır. Digər ölkələrin detallarının yer aldığı silah hissələrinin ixracı həmin ölkələrin razılığını tələb edir. Bu elə də asan məsələ deyil. İsrail hissələrinin yer aldığı “MR-Sam”ın idxalı mümkün deyil. Amma “Akaş”ın idxalı mümkündür.

Onu da qeyd edim ki, 40 yaşı olan hava hücumundan müdafiə vasitələrinin müasir müharibələrdə yeni texnikalara qarşı imkanları çox məhduddur.

Ermənistanın silahlanmasında əsas məqsəd Azərbaycana qarşı müdafiə potensialını ən azı orta səviyyəyə gətirməkdən ibarətdir. Lakin rəsmi İrəvanın 44 günlük müharibə zamanı olan itkilərinin 6 milyard manatdan çox olduğunu nəzərə alsaq onun barmaqla sayılacaq qədər silah-sursat alması Azərbaycanda güc balansına təsir etməz. Amma bu, regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: