Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfərə gedib. Baş nazir MDB Hökumət Başçıları Şurasının dekabrın 18-də keçiriləcək iclasında iştirak edəcək. Ermənistan Baş naziri Nikol Paşinyan isə həmin görüşə müavinini göndərib.
Maraqlıdır, bu görüş zamanı hansı məsələlərin müzakirə edilməsi gözlənilir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, MDB şurasının iclası rutin xarakter daşıyır:
“Müzakirə olunan məsələlərə MBD ölkələri arasında intqerasiya, ölkələrin bir-birinə yaxınlaşması və s. daxildir. Builki toplantıda Rusiyanın qaldırdığı əsas məsələlərdən biri Kollektiv Qərbin keçmiş MDB dövlətlərində sabitliyi pozmaq cəhdi, bu ölkələrə təzyiqidir. Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla Kreml rəsmiləri, XİN nümayəndələri və başqaları çıxışlarında tez-tez bu səpkili bəyanatlar səsləndirirlər. Bunun digər elementi isə Qərbin Cənubi Qafqazda oyun qurmasıdır”.
Kənan Novruzov
O vurğulayıb ki, Qərb, ABŞ və Fransa rəsmi Moskvanın Cənubi Qafqazdakı maraqlarını zərbə altına saldığına görə, Kreml rəsmiləri bəzi hallarda açıq formada olmasa da, MBD ölkələri arasında sabitliyin təhlükə altına salınmasında həmin ölkələri günahlandırır:
“Bu həm də Qərbin İrəvan-Moskva xəttində ziddiyyət yaratması kontekstindən qiymətləndirilməlidir. Bu məsələlərin gündəlikdə olacağını düşünürəm. Xüsusilə də Rusiyanın baş naziri Mixail Mişustin həmin məsələləri diqqətdə saxlayacaq.
Paşinyanın həmin görüşdə iştirak etməməsi Moskva-İrəvan xəttindəki gərginliklə əlaqələndirilir. Nikol son vaxtlar Rusiyaya sanki meydan oxuyur. Bu da şübhəsiz ki, Qərbin təzyiqləri və şirnikləndirmələrinin nəticəsidir. Moskva isə Ermənistana adekvat cavablar verir. Proseslərin inkişafına baxdıqda münasibətlərin tezliklə düzələcəyini söyləmək çətindir”.
Safura Bənnayeva
Globalinfo.az