Zaqatalada qızılca xəstəliyi yayılıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:
“Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.
Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:
“Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.














