Tənzilə Rüstəmxanlı Flora Kərimovanın səs yazısı ilə bağlı elə şeylər açıqladı – “…bir türk düşmənçiliyi”

Tənzilə Rüstəmxanlı Flora Kərimovanın səs yazısı ilə bağlı elə şeylər açıqladı - “...bir türk düşmənçiliyi”

Xalq artisti Flora Kərimovanın Türkiyə və Nuru Paşa haqda dedikləri getdikcə daha ciddi şəkildə müzakirə edilir. Xeyli insan onu qınayır. Hətta müğənni haqda daha radikal ifadələr işlədənlər də olur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı deyib ki, belə bir səsin yayılmasına səbəb 15 sentyabr Bakının Qurtuluş günüdür.

“Flora Kərimovanın belə bir səs yazısının yayılmasını kim və nə üçün edir, bilmirik. 1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq Bakını rus, bolşevik, ingilis işğalından qurtardı. Bu ərəfədə belə bir səsin yayılması çox məkrli davranışdır. Bunun arxasında çirkin oyun durur”.

T.Rüstəmxanlı Flora Kərimovanı bir səs yazısına görə ittiham edə bilməyəcəyini deyib:

“Amma bir şey deyim, təxmini 15 il bundan öncə Azərbaycanda bir çox elm adamları, müxtəlif rus düşüncəli bilim insanı da eyni sözləri deyirdi. Bunun arxasında bir türk düşmənçiliyi dayanır. Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə gəlişi və bu birliyin Qarabağda zəfərlə taclanmasını sapı özümüzdən olan bəzi düşmənlərimiz həzm edə bilmir.

Flora Kərimovanı uzun illərdir tanıyıram, inanmıram ki, belə fikirdə olsun. Onu Türkiyə sevdalısı olaraq görmüşəm. Əgər o sözləri özü deyibsə, səbəbini soruşaq, amma səs yazısının da ona aid olduğunu deyə bilmərəm. Düşünmürəm ki, buna görə F.Kərimovanı linç etmək lazımdır.

Flora xanım hər zaman düşündüyünü deyib. Lakin Azərbaycanda Flora Kərimovadan daha təhlükəli insanlar var ki, müxtəlif məqamlarda Türkiyə, Nuru Paşa, Azərbaycan da daxil olmaqla bütün türklərə nifrət edir”.

T.Rüstəmxanlı türkləri sevməyənlərin çox olduğunu bildirib:

“Səs yazısını hadisə hesab etmirəm. Hətta Flora xanım belə bir söz demiş olsa belə, onun dediyi Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər təsir etməz. Çünki illərlə bu münasibətə qarşı dayananlar olub. Düşmən dövlətlər, Rusiya və Ermənistan daxil, illərlə mübarizə aparıb və buna nail ola bilməyiblər.
Düşmənlər bizim münasibəti həzm edə bilmir, bu da anlaşılandır. Yəni zaman-zaman belə şeylər olacaq. Aydın məsələdir ki, kimsə gündəmi dəyişir. Amma məqsədləri nədir, bilmirik. Hesab edirəm ki, 15 sentyabr ərəfəsində insanların fikirlərini müxtəlif istiqamətə çəkmək, bir az da bu günə kölgə salmaq üçün atılan addımdır. Bunu çox əhəmiyyət vermək lazım deyil”.

Zaira Akifqızı
Globalinfo.az