Rus ordusu 132

Böyük Britaniyanın “The Daily Mail” qəzeti “Putin Rusiyası Ukraynada döyüşən hərbçilərin sayının azalmasının qarşısını almaq üçün Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb etməyə çalışır. Müdafiə Nazirliyi bildirib ki, Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarına hərbi xidmətə qəbulla bağlı müraciət edir” adlı məqalə ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, qəzet ABŞ rəsmilərinə istinadən belə bir məqalə yayımlayıb.

Bildirilir ki, Ukraynada müharibə başlayandan bəri Moskva ağır itkiləri verib və həlak olan, yaralanan Rusiya və Ukrayna hərbçilərinin ümumi sayı 500 minə yaxındır. Vladimir Putin Ukraynada döyüşən qoşunların sayının azalmasının qarşısını almaq üçün Rusiya ordusunda xidmət etmək məqsədi ilə Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb edir. Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarından hərbi məqsədlər üçün yararlanmağa başlayıb.

Vurğulanır ki, Ermənistan və Qazaxıstandan olan hər bir muzdlu əsgərə 495 min rubl (5140 dollar) ödəniş və 190 min rubldan (1973 dollar) başlayan maaş təklif edilib.

Qazaxıstanın şimalındakı Qostanay bölgəsində etnik rus əhaliyə müraciət olunub. Ən azı may ayından etibarən Rusiya Mərkəzi Asiyadan olan miqrantlara Ukraynada döyüşmək üçün müraciət edib, onlara sürətlə həyata keçirilən vətəndaşlıq və 3305 funt sterlinqə qədər maaş vəd olunub.

Qəzet qeyd edir ki, Mariupoldakı özbək miqrant inşaatçıların pasportları müsadirə edilib. Bu yolla onları Rusiya ordusuna qoşulmağa məcbur edirlər. Ehtimal ki, Rusiyada Mərkəzi Asiyadan olan ən azı 6 milyon miqrant var və Kreml onlara potensial muzdlu əsgər kimi baxır.

Məlumat üçün bildirək ki, Rusiyada 2 milyon nəfərdən çox azərbaycanlı yaşayır. Onların da zorla muzdlu döyüşçüyə çevrilməsi üçün Rusiyada müəyyən addımlar atılıb. Ancaq bu cəhdlər o qədər də uğurlu olmayıb.

Dağıstan əhalisi də Rusiya-Ukrayna müharibəsinə qatılmamaq üçün ciddi müqavimət göstərir. Göründüyü kimi, Rusiya müharibəni miqrantların hesabına aparmağa çalışır. Eyni zamanda Rusiyanın daxilində yaşayan etnik qrupların nümayəndələrini məqsədli şəkildə ön cəbhəyə göndərir. Yerli ruslar, xüsusən gənclər isə bütün mümkün vasitələrlə Rusiyanı tərk etməyə çalışırlar.

Elbəyi Həsənli,
Sürix

Paylaş: