Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bunu “Le Figaro” nəşri yazıb. Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” açılması üçün təzyiqi davam etdirəcəklərini bildirib.
Bu, Makronun ilk belə təşəbbüsü deyil. 2022-ci ilin dekabr ayında da Makron bənzər təşəbbüslə çıxış etmiş, lakin rəsmi Bakının diplomatik strateji gedişləri ilə bu təşəbbüs nəticəsiz qalmışdır.
Maraqlıdır, Makron bu dəfə nəyəsə nail ola biləcək? BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə qəbul edə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, əgər Fransa BMT TŞ-na Qarabağda humanitar vəziyyətlə bağlı qətnamə çıxararsa, rəsmi Parisə qarşı bu dəfə daha sərt tədbirlər görüləcək:
Zaur Məmmədov
“Fransa yaxın günlərdə Qarabağa humanitar yüklər göndərməyə hazırlaşır. Mövcud davranış, sülhə zərbə, yeni müharibəyə təkan deməkdir.
Hazırda aşkar şəkildə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya edilməməsi üçün erməni-fransız planı həyata keçirilir. Bu, bəzi Qərb və regional dövlətlərin maraqlarına uyğundur. Lakin bütün beynəlxalq dairələr bilməlidirlər ki, qeyri-adekvat addımların atılması Azərbaycanı hüququn bərpa olması üçün radikal addımlar atmağa vadar edə bilər”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Fransanın belə bir qətnaməni BMT TŞ-da gündəliyə çıxarması məlum olduqdan sonra, Xankəndidə separatçılar Xankəndi-Ağdam yolunun açılması ilə paralel Laçın yolunun da maneəsiz açılmasını şərt kimi irəli sürdülər:
Fransa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olur. Fransanın bu siyasəti daha çox Rusiyanın geosiyasi maraqlarına cavab verir. Ümumiyyətlə, Parisin Cənubi Qafqazda antiazərbaycan siyasəti Fransanın regionda siyasi mövqelərinin güclənməsinə gətirib çıxarmayacaq.
Fransa antiazərbaycan qətnaməni səsverməyə çıxarsa, üzv ölkələr tərəfindən veto qoyula bilər.
Azərbaycan Ermənistana hərbi təzyiqlərini artırmalıdır. Çünki Ermənistan bütün danışıqları dayandırıb, siyasi-diplomatik təxribatlara keçib”.
Turan Rzayev
Globalinfo.az