TIR ermeni 142

Ermənistan bir aya yaxındır Laçın yolunun girişində 19 TIR-ı sərhədimizə gətirərək dünyaya humanitar böhran şousu göstərir. Bəzi ekspertlər hesab edir ki, rəsmi Bakı da analoji addımı atmalı, Ağdam-Xankəndi yoluna 20-30 yük maşını gətirib ermənilərə humanitar yardımı özü etməlidir.

Maraqlıdır, bəs Azərbaycan bu addımı niyə atmır?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Ermənistan 19 TIR-ı sərhədimizə gətirərək siyasi şou və hoqqabazlıqla məşğuldur:

elman nesirov oz

Elman Nəsirov

“Laçın sərhəd buraxılış-məntəqəsində Ermənistanın atdığı addımlara başqa bir ad vermək mümkün deyil. Heç bir halda baş verənləri humanitar fəlakət, böhran kimi təqdim etmək olmaz. Ümumiyyətlə bu, qəbuledilməzdir.

Azərbaycanın niyyəti Qarabağda humanitar fəlakət yaratmaq olsa idi, heç bir alternativ yol da təqdim etməzdi. Halbuki biz Bakının humanitar yüklər üçün Xankəndi-Ağdam yolundan istifadəni təklif etdiyini bilirik.

Azərbaycanın bu humanist yanaşmasına cavab olaraq isə Ermənistan və onun havadarları özlərini elə aparırlar ki, sanki yeganə yol Laçın yoludur. Əslində onların Laçın yolunda israrlı olmaları çox şeydən xəbər verir. Aydın məsələdir ki, onların niyyəti heç də humanitar yükləri Xankəndiyə çatdırmaq deyil, şou yaradaraq beynəlxalq ictimaiyyətin təzyiqi ilə bizi üzləşdirməkdir.

Təsadüfi deyil ki, bir neçə gün öncə Ermənistanın şikayəti əsasında BMT TŞ-nın iclası keçirildi. Lakin bu iclasda da Ermənistan istəyinə nail ola bilmədi. Azərbaycan isə növbəti dəfə tarixi bir diplomatik qələbə qazandı”.

E.Nəsirov Ağdam-Xankəndi yoluna Azərbaycanın humanitar yük dolu maşınlar gətirib Ermənistana cavab verməməsinə aydınlıq gətirib:

“Əvvəla, məsələnin mahiyyətinə baxmaq lazımdır. Bir qədər öncə dediyim kimi, Ermənistanın niyyəti heç də humanitar yardım deyil. Rəsmi İrəvan sadəcə Azərbaycanı çətin vəziyyətdə qoymaq, özünü haqlı göstərməyə çalışır.

Biz heç vaxt Ermənistanın atdığı addıma onun kimi cavab vermirik. Misal üçün, 44 günlük müharibə zamanı Ermənistan təmas xəttindən çox uzaqda olan yaşayış məskənlərinə raket zərbələri vurub, mülki insanları qətlə yetirsə də Azərbaycan bənzər addımları atmadı. İndi də Ermənistan TIR-ları Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına gətiribsə, yenə bu cür cavab verməməliyik. Onsuz da Azərbaycanın mövqeyi prinsipialdır. Yəni verdiyimiz qərardan geri addım atmayacağıq. Əlbəttə, niyyətimiz regionda davamlı sülh və əmin-amanlıqdır. İndiki məqamda atdığımız addımları doğru hesab edirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: