Ukrayna 55

Ukrayna cəbhəsində ağır döyüşlər başlayır. Mütəxəssislər Kiyevin yaxın zamanda genişmiqyaslı hücuma keçəcəyini, bunun müharibənin taleyində həlledici olacağı bildirilir.

Bəs hazırda müharibə ilə bağlı son vəziyyət necədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Muradlı son aylarda hər hansı ciddi yeniliyin olmadığını bildirib:

“Hazırda Ukraynada döyüşlər tam gücü ilə davam edir. Ancaq bunları biz daha çox mövqe döyüşləri kimi xarakterizə edə bilərik. Yəni tərəflər müxtəlif mövqelər üstündə mübarizə aparırlar. Ümumiyyətlə son aylarda cəbhədə ciddi bir dəyişiklik müşahidə olunmur. Artıq bir neçə aydır ki, Rusiya Ukraynanın şərqində yerləşən Baxmut şəhərini ələ keçirməyə çalışır. Amma bu istiqamətdə hər hansı ciddi uğur qazana bilməyib. Baxmayaraq ki, Rusiya son aylarda, xüsusilə də ötən ilin payızında Ukraynanın şərqində çox ciddi qüvvə toplamışdı. Amma yenə də ciddi üstünlük qazana bilmədi.

Eyni zamanda Ukraynanın da yaz aylarında genişmiqyaslı əks hücuma keçəcəyi gözlənilir. Hələ ki, bu, silah çatışmazlığı, hava hücumundan müdafiə sistemlərinin yetərsizliyi və s. kimi səbəblər əsas göstərilərək reallaşdırılmayıb. Amma yaxın zamanlarda Ukraynanın bu əks hücumu gözlənilir. Ukraynanın hücumunun bütövlükdə müharibənin taleyinə, hərbi əməliyyatların gedişinə təsir edəcəyini düşünürəm. Hələ ki, ötən ilin payızından bu günə kimi hər hansı ciddi dəyişiklik müşahidə olunmayıb”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: