vurulan teyyare

2020-ci ilin yanvarında Tehran səmasında İran hərbi qüvvələri tərəfindən vurulan PS752 reysli sərnişin təyyarəsinin qurbanları üçün Beynəlxalq Koordinasiya və Müdaxilə Qrupu İran məhkəməsinin qərarları ilə bağlı birgə bəyanat yayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2020-ci il yanvarın 8-də İran İslam Respublikası Tehran səmasında PS752 sərnişin təyyarəsini vurdu. Bu həftə İran cinayəti törətməkdə şübhəli bilinən şəxslərə qarşı aparılan cinayət işlərində hökmləri açıqlayıb. Tehranda baş verən saxta məhkəmə prosesi dünyanın diqqətini İranın beynəlxalq öhdəliklərini yerinə yetirməməsindən və öz hərəkətlərinə görə məsuliyyət daşımasından yayındırmamalıdır.

Nə məhkəmələr, nə də bu həftə açıqlanan hökmlər qurbanların ailələri üçün ədaləti bərpa edib və onlara həqiqəti verib, çünki İranın təyyarənin vurulması ilə bağlı başlatdığı qərəzli araşdırması bütün proses boyu qərəzsizlik və şəffaflıqdan yoxsun idi. 176 günahsız qurbanın ailələri hələ də layiq olduqları ədaləti gözləyirlər. Biz qurbanların ailələri və yaxınları ilə həmrəy olacağıq və ədalət bərqərar olana qədər dayanmayacağıq”, – birgə bəyanatda deyilir.

Qeyd edək ki, Tehran məhkəməsi Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulması ilə əlaqədar 10 hərbçinin həbsi ilə bağlı qərar çıxarıb. Bir komandir 10 il, qalan əsgərlər isə bir ildən üç ilə qədər həbs cəzası alıblar.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Tehrandan Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra vurulub və 11 ukraynalı da daxil olmaqla, təyyarənin göyərtəsində olan hər kəs həlak olub. Qurbanların əksəriyyəti İran və Kanada vətəndaşları idi.

Paylaş: