Ötən gün “Sabah” – “Barselona” matçı zamanı Bakı Olimpiya Stadionuna gediş-gəlişlə bağlı müəyyən problemlər yaşanıb. Bir sıra idman ekspertləri və sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, belə mötəbər oyunların keçirilməsi üçün şəhərin daha əlçatan ərazisində stadion tikilməlidir. Bu baxımdan, Tofiq Bəhramov adına Respublika stadionunun sökülərək yerində daha böyük və müasir stadionun inşa edilməsi təklif olunur.
Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, Bakı Olimpiya Stadionunda futbol oyunlarına baxmağın əzab-əziyyətli olduğu əvvəlcədən bəlli idi:
“Vaxtilə orada “Qarabağ” da Çempionlar Liqasının oyununu keçirmişdi və sonradan bunun effektiv olmadığını görüb bundan imtina etdi. Bu təcrübəni nəzərə alaraq “Sabah”ın Çempionlar Liqasının oyunlarını həmin stadionda keçirməsi yanlış addım idi. Bu, azarkeşlərə verilən bir əzab idi. “Barselona”nın Bakıya gəlməsindən istifadə edən “Sabah” rəhbərliyi daha çox pul qazanmaq istədi, amma bu, əks effekt verdi. “Barselona” ilə oyundan savayı digər oyunlarda stadion demək olar ki, yarıya qədər dolu oldu. Ona görə də Respublika stadionunda keçirilməsi daha məqsədəuyğun olardı və orada ajiotaj da başqa cür olardı, ab-hava da başqa cür olardı”.
Ekspert bildirib ki, digər məsələ isə Azərbaycanda stadionlara giriş-çıxışın çətinləşdirilməsidir:
“Bu stadiona giriş-çıxış niyə bu qədər əzab-əziyyətli olur, çətin olur? Bakı Olimpiya Stadionu şəhərin mərkəzində deyil, açıq bir ərazidədir. Əslində, ora giriş-çıxış çox rahat olmalıdır. Avropa kuboklarının qrup mərhələsində, Avropa Liqasının qrup mərhələsində “Qarabağ” “Tottenhem”lə səfərdə oynayırdı, Londonda. 50 minlik stadiondur. Əməkdaşımız həmin oyuna getmişdi və oyunun başlamasına 15 dəqiqə qalmış mənə “WhatsApp”da yazdı ki, müəllim, “Qarabağ“ın oyununa maraq yoxdur, stadion bomboşdur”. Təsəvvür edirsiniz, 50 minlik stadion boşdur və şəkillərini çəkib mənə göndərdi ki, bunu xəbər edək. Üstündən beş dəqiqə keçməmiş əməkdaşımız yazdı ki, stadion doldu. Təsəvvür edirsiniz? 50 min azarkeş beş dəqiqənin içində “Tottenhem”in stadionuna daxil olur. Oyundan sonra da beş dəqiqənin içində stadionu tərk edirlər”.
N.Muxtarlının fikrincə, stadion tikilərkən və infrastruktur qurularkən azarkeşlərin təhlükəsiz girişi və çıxışı nəzərə alınmalıdır:
“30 min tamaşaçı tutumu olan Respublika stadionuna da girmək üçün ən azı bir saat əvvəl gəlməlisən. Amma Avropada elə deyil, insanların vaxtı qızıldır. 10 dəqiqə əvvəl gəlirlər, rahat şəkildə stadiona daxil olur, oyundan sonra da 10 dəqiqəyə stadionu tərk edirlər. Bizdə isə 30 minlik stadiona bir saat, saat yarım əvvəl gəlməlisən ki, ora maneəsiz, rahat girə biləsən. Çıxandan sonra da bir saat, saat yarım küçələrdə qalacaqsan. Ya marşrut, ya da başqa nəqliyyat vasitəsi tapa bilməyəcəksən ki, gedəsən. Bu əzab-əziyyət yaşanacaq. İndi biz Respublika stadionunu sökək, 30 minlik stadionu dağıdıb onun yerində geniş, 60 minlik stadion tikək. Ora giriş-çıxışı yenə də təmin edə bilməyəndən sonra orada hansı vəziyyətin yaranacağını təsəvvür edirsiniz? Faciə yaşanar. Bu, sırf təşkilati məsələdir. Stadion tikilərkən, infrastruktur qurularkən nəzərə alınmalıdır ki, 60 minlik stadiona giriş-çıxış necə təşkil ediləcək, azarkeşlər 10 dəqiqəyə stadiona necə daxil olacaq, 10 dəqiqəyə necə çıxacaqlar”.
Natiq Muxtarlı deyib ki, Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan futbolunun tarixidir və onu heç bir halda sökmək olmaz:
“Üstəlik, o stadionun ərazisini söküb daha geniş, 60 minlik stadion tikəcəksinizsə, deməli, ərazi bir az da böyüyəcək. Onun ətrafındakı yaşıllıqlar, park da hamısı gedəcək. Azərbaycanda Respublika stadionunu söküb 60 minlik stadion tikməyə ehtiyac yoxdur. Biz heç bir maneənin, sıx gediş-gəlişin olmadığı Olimpiya Stadionuna giriş-çıxışı təmin edə bilmiriksə, şəhərin mərkəzində 60 minlik stadion tikib orada giriş-çıxışı necə təmin edəcəyik? Getsinlər, Avropada bu işləri necə gördüklərini öyrənsinlər. Necə olur ki, 100 minlik stadiona azarkeş 10 dəqiqəyə daxil olur, 10 dəqiqəyə də oranı tərk edir? Axı bizim məmurlar bütün dünyanı gəzirlər, hətta futbola da gedib o stadionlarda oyunlara baxırlar. Öyrənsinlər, görsünlər bunu necə həyata keçirirlər”.
Zaira Akifqızı
Globalinfo.az