Cin tayvan muharibe 11

Tayvan Çinə qarşı “cəhənnəm ssenarisi” hazırlayır. Bu barədə “The New York Times” yazıb. Belə ki, Tayvan mümkün Çin hücumunun qarşısını almaq üçün həm dronlar, həm də pilotsuz zərbə katerləri istehsal edir. Bu vasitələrin adaya yaxınlaşan Çin qüvvələrinin aşkarlanması və onlara zərbələr endirilməsi üçün istifadə olunması planlaşdırılır.

Sözügedən strategiyanı hazırlayan amerikalı hərbçilər onu “Cəhənnəm mənzərəsi” (“Hellscape”) adlandırırlar.

Bu, müharibəyə hazırlıqdır, yoxsa Çinə mesaj xarakteri daşıyır?

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Tayvan Çinin mümkün hücumunu dəf etmək üçün dronlar və pilotsuz katerlər donanması qurmağa başlayıb:

“Məqsəd adaya yaxınlaşacaq Çin qüvvələrini məhv etmək, ya da ən azından uzaq tutmaqdır. Bu strategiyanı ABŞ komandanlığı qurub.

Rusiya-Ukrayna müharibəsi illərdir davam edir və Ukrayna dron istehsal edərək hava üstünlüyünü ələ aldı. Bundan başqa, Kiyev Rusiyanın dərinliklərini dronlarla vura bilir. Görünür, Tayvan da buna görə bu strategiyanı seçib. Sadəcə, Tayvan prosesə gec başlayıb, hələ yeni-yeni təlimlər keçirilir.

ABŞ-ın Tayvana bu məsələdə verdiyi dəstək, görünür, Pekinin qəzəbinə səbəb olub. Amma ABŞ onu da görür ki, Çinin artan gücü ABŞ-ın regional balansına təsir edir. Düzdür, ABŞ-ın üstünlüyü hələ də qalır, amma Çin tərəfi bir çox sahədə ABŞ-a çatıb və keçmək üzrədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: