Xəbər verdiyimiz kimi, Azərbaycanda şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlərin onlayn şəkildə təqdim olunacaq. Bildirilir ki, gündəlik həyatın bir çox sahəsində, xüsusilə xəstəxanalarda və sosial xidmətlərdə vətəndaşlar hələ də müxtəlif sənədlər üçün uzun növbələrdə gözləmək məcburiyyətində qalırlar.
Belə xidmətlərdə kağız arayış dövrü nə vaxt sona çatacaq?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, problem sistemlə bağlıdır:
“Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi kimi xidmətlər adətən mərkəzləşmiş reyestrlərə bağlı olur. Yəni məlumatlar bir bazadadır, proseslər standartdır, qərar mexanizmi aydındır. Ona görə də bu xidmətləri onlayn müstəviyə çıxarmaq nisbətən daha rahatdır. Amma xəstəxana, sosial xidmət və kommunal sahələrdə mənzərə fərqlidir. Müxtəlif qurumların ayrı-ayrı sistemləri var, bəziləri köhnə proqramlarla işləyir, bəzilərində isə məlumatlar ümumiyyətlə standart formatda toplanmır. Nəticədə bir qurumun verdiyi arayışı digər qurum sistemdən görə bilmirsə, vətəndaşdan yenə kağız tələb olunur”.
Elvin Həsənov
Mütəxəssis səhiyyə sahəsində ayrıca bir çətinliyin olduğunu vurğulayıb:
“Çünki məlumatlar çox həssasdır və “şəxsi məlumatların qorunması” qaydaları daha sərt olmalıdır. Yəni xəstəxanada bir arayışın elektron verilməsi üçün təkcə proqram yox, həm də kimin baxa biləcəyi, hansı məlumatın nə qədər saxlanacağı və sair kimi məsələlər qaydaya salınmalıdır. Əks halda sistem qurulur, amma təhlükəsizlik və hüquqi tərəf hazır olmadığı üçün yenə proses kağıza qayıdır”.
Kağız arayış dövrünün nə vaxt bitməsinə gəlincə, Elvin Həsənov bildirib ki, bunu bir tarixlə demək çətindir:
“Bu, mərhələli olur, amma qəliz deyil. Yəni dövlət “bir dəfə məlumat ver, sonra sistem özü gətirsin” modelinə keçməlidir. Vətəndaş eyni məlumatı hər dəfə yenidən təqdim etməməlidir. Bunun üçün reyestrlər inteqrasiya olunmalı, eyni identifikasiya sistemi (məsələn ASAN Login və sair) hər yerdə işləməli, xəstəxana və sosial xidmətlərin daxili sistemləri yenilənməlidir. Kommunal sahədə də vahid abunəçi kodu, elektron müqavilə və ödəniş sistemləri tam oturuşmalıdır”.
Ekspertin sözlərinə görə, rəqəmsallaşmanın artması rüşvətin azalmasına gətirib çıxarır
Zaira Akifqızı
Globalinfo.az