Türk dünyasının mədəniyyət paytaxtı dəyişdi – FOTO

Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim edilib.

Bununla da 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb.

***

Şuşada Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

Tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın və türk dövlətlərinin mədəniyyət və incəsənət xadimləri, o cümlədən digər qonaqlar iştirak edirlər.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. “Paytaxt ili” çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.

***

Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir.

Globalinfo.az xəbər verir ki, tədbirdə Əskişəhər (Türkiyə), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan), Bursa (Türkiyə), Şuşa (Azərbaycan) və Anev (Türkmənistan) şəhərlərinin rəsmi nümayəndələri iştirak edirlər.