“Mənə AXP sədrliyindən istefam və AXP-nin buraxılmasını şərh etməyimlə bağlı müraciət edirlər. AXP üzvləri, digər siyasi partiyalardan olan dostlar da bu xəbərlərlə əlaqədar mənimlə əlaqə saxlayıb, narahatlıqlarını ifadə edirlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Azadlıq Radiosu”na müsahibəsindən sonra istefa verməsi iddialarının yayılması haqda deyib.
O bildirib ki, AXP sədrliyində istefası və partiyanın buraxılması xəbərləri həqiqətə uyğun deyil:
“Bu, böyük ehtimalla iki gün əvvəl “Azadlıq radiosu”nda debat zamanı səsləndirdiyim fikirlərin birtərəfli, təhrif olunmuş əks-sədasıdır. Həmin debatda 01.09.2024- cü il tarixli Milli Məclis seçkilərinin bu şəkildə keçirilməsinə etirazın, həmçinin faktiki olaraq gerçək seçki institutunun ləğvi təhlükəsini formalaşdıran situasiyanın yaranması ilə mənim və rəhbərlik etdiyim partiyanın da içində olduğu iqtidar-müxalifət dialoqu adı ilə tanınan siyasi kursun uğursuzluğunun ifadəsi olaraq və bu vəziyyətə görə öz məsuliyyət payımı qəbul edərək, AXP İdarə Heyətində partiya sədrliyindən istefam, partiya üzvlərinin bundan sonra da öz siyasi fəaliyyətlərini davam etdirmələrinin məqsədəuyğunluğuna münasibət məsələlərini müzakirə edib qərar qəbul edilməsini qaldırmağı düşünürəm, demişəm.
Kollektiv müzakirə aparılıb müvafiq qərarlar qəbul edilənə qədər mən AXP sədri, AXP-də siyasi partiya kimi fəaliyyətlərini davam etdirirəm. Etimad xarakterli qərarlar qəbul ediləcəksə, partiya öz nizamnaməsinin müəyyən etdiyi şərt və müddətlərdə fəaliyyətini davam etdirəcək. Güman edirəm ki, İH bu məsələlər barədə qərar qəbul edilməsi üçün gələn ilin yanvarından gec olmayaraq partiyanın növbədənkənar qurultayını çağırılmasını məqbul saya bilər”.
P.Hüseyn bununla yanaşı, vahid hərəkat yaratmaq təklifi ilə çıxış edib:
“Mən 01.09.24 seçkilərindən də nəticə çıxararaq ideoloji platforması yaxın partiyaların bir partiyada və ya çoxpartiyalı assosativ birlik formasında təmərküzləşməsini, eləcə də siyasi partiya mənsubiyyətindən və ümumiyyətlə partiyalı olub-olmamasından asılı olmayaraq bütün demokratik və milli vətənpərvər qüvvələrin və bu düşüncədə olanların vahid siyasi hərəkat formasında təşkilatlanmasını və fəaliyyət göstərməsini indiki vəziyyətə ən adekvat cavab hesab edirəm. 01.09.2024-də heç nə baş verməmiş kimi davranıb əvvəlki qaydada davam etmək, strateji səhv olar”.
Xatırladaq ki, 2010-cu il parlament seçkilərindən sonra P.Hüseynin də yer aldığı müxalifətin və seçkinin nəticəsindən narazı qalan şəxslərin iştirakı ilə İctimai Palata adlı hərəkat yaradıldı. Həmin hərəkat 2013-cü ilin prezident seçkilərindən əvvəl Milli Şura təsis olunana kimi Azərbaycan siyasətində ciddi söz sahibi oldu. O hərəkat müxalifətin, demək olar ki, sonuncu aktiv təşkilatı kimi yadda qaldı.
Onu da qeyd edək ki, 1998-ci il Prezident seçkiləri ərəfəsində P.Hüseynin də iştirakı ilə müxalifət SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlanan təşkilatda birləşdi.
Bununla yanaşı, ekspertlər Azərbaycanda hazırkı şəraitdə bu cür hərəkatların yaranmasını istisna edirlər. Əsas səbəb Qarabağ zəfərindən sonra iqtidarın ciddi dəstək qazanmasıdır. Həmçinin xalqın klassik müxalifin çağırışlarına qoşulmaması, siyasi partiyaların iqtidarla anlaşma yolunu tutması da yeni hərəkatın yaranmasını istisna edən faktorlardandır.
Safura Bənnayeva
Globalinfo.az