Dünyanın nəbzi Bakıda döyünür…

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Ölkəmiz Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış, 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı Forumuna doqquzuncu dəfədir ev sahibliyi edir.

XI Qlobal Bakı Forumunun keçirilməsində çox mühüm məqsədlər var. Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi ona görə çoxdur ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Qlobal Bakı Forumunu ənənəvi olaraq hər il qeyri-hökumət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir.

Forumda ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Ayrı-ayrı panellər şəklində təşkil olunan forumun builki  mövzusu “Parçalanmış dünyanın bərpası”dır.

Əvvəlki illərdə olduğu kimi, XI Qlobal Bakı Forumu beynəlxalq dialoqu daha da zənginləşdirmək və mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün müxtəlif sahə və perspektivlərdən çıxış edən tanınmış şəxsləri qəbul etməyə hazırdır. Forumun məqsədi qonaqların kollektiv təcrübəsi və fikirləri ilə “Parçalanmış dünyanın bərpası”na töhfə verməkdir.

Özündə ehtiva etdiyi məsələlərə baxsaq, Qlobal Bakı Forumu heç də Antalya Diplomatiya Forumu, Münhen Təhlükəsizlik Konfransı, Davos Forumundan geri qalmır. Dünyanın nəbzi Bakıda döyünür.

Turan Rzayev
Globalinfo.az