Dünya Rusiya-NATO müharibəsinə doğru – İlk hücum ssenarisi

Son günlər Rusiya ilə NATO arasında müharibə başlayacağı haqqında iddialar artmaqdadır. Hətta dünyanın supergücləri ən yüksək səviyyədə bununla bağlı fikirlər səsləndirirlər. Son olaraq Pentaqon rəhbəri Lloyd Ostin də NATO və Rusiya arasında toqquşma riskindən bəhs edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya-NATO müharibəsi ehtimalı real təhlükəyə çevrilir:

“Artıq səslənən bəyanatlar, verilən açıqlamalar daha ciddi düşünməyə sövq edir. Hazırkı proses davam edərsə, rəsmi Moskva ilə NATO arasında birbaşa müharibə başlayacaq. Onsuz da hazırda Rusiya Ukrayna ilə deyil, Qərb qoşunları ilə müharibə aparır. Demək olar ki, Alyans münaqişədə iştirak edir”.

Siyasi şərhçinin fikrincə, proseslə bağlı bir neçə ssenari mövcuddur:

“Birincisi, lap əvvəldən NATO Rusiyaya qarşı müharibəyə hazırlaşırdı. Bu günə kimi Ukraynanın əli ilə rəsmi Moskvanı zəiflədirdi. İndi Rusiya o həddə çatıb ki, Alyans onu asanlıqla məğlub edə biləcəyini gördüyü üçün müharibəyə gedir.

İkincisi, ola bilsin, NATO-nun Ukraynaya ümidləri sınıb. Başa düşürlər ki, Ukrayna vasitəsilə Rusiyaya qalib gəlmək mümkün olmayacaq. İstisna deyil ki, Rusiyanı hansısa NATO ölkəsinə hücuma sövq edirlər”.

K.Novruzovun sözlərinə görə, NATO daxilində ciddi ziddiyyətlər var:

“Türkiyə-ABŞ, Türkiyə-Yunanıstan, ABŞ və bir sıra Avropa ölkələri arasındakı fikir ayrılıqları Alyansı zəiflədir. Rusiya və NATO arasında müharibə başlayarsa, bəlkə də bu, Alyans üçün bumeranq effekti verəcək. Mümkün müharibə halında Türkiyənin Alyansdan çıxması da istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az