Rusiya yeni savaşa hazırlaşır – 11 ölkənin olduğu region qarışır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Yaxın Şərqdən sonra Balkanlara yönələcəyi ilə bağlı xəbərdarlıq edib. O bu məsələdə İranın da rolunun olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov Zelenskinin fikirlərini həqiqətə uyğun hesab edir:

“Rusiya Ukrayna cəbhəsində çox ciddi məğlubiyyət içərisindədir. Xeyli vəsait xərclənib, 300 minə yaxın canlı qüvvə, eləcə də silah-sursat, hərbi texnika itirib. Ukrayna əks-hücum əməliyyatları sayəsində ərazilərini hissə-hissə geri qaytarmağa başlayıb. Rusiyanın müharibəni sona qədər aparmaq imkanı yoxdur. Şimali Koreya və İrandan alınan texnikaların da müharibədə böyük əhəmiyyəti olmayacaq”.

Samir Hümbətov

Politoloqun fikrincə, rəsmi Moskva revanşa çalışır:

“Daxili istehsalı artırıb, silah bazası yaradıb, yenidən hücuma keçməyə hazırlaşır. Buna görə də hələ ki Şimali Koreyadan artilleriya sistemləri, İrandan dronlar alır.
Rusiya Qərbin diqqətini başqa istiqamətə yönəltmək siyasətini tutur. Oktyabrın 7-dən bu sahədə addımlar atmağa başladı. HƏMAS-İsrail münaqişəsi bir cəbhənin açılması idi. İkinci cəbhə isə Balkanlardan açıla bilər. Bura çox təhlükəli bölgədir. Son dövrlərdə Serbiya, Kosova və digər ərazilərdə qaynama müşahidə olunur. Milli-etnik zəmində münasibətlər gərginləşir, vətəndaşlıq mövzuları gündəmə gəlir.

Rusiyanın tutduğu mövqedə nə qədər uğur qazana biləcəyini isə zaman göstərəcək”.

Safura Bənnayeva
Globalinfo.az