Türk dövlətlərinin liderləri İlham Əliyevi təbrik etdilər

“Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.

Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib: “Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”.

X X X

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.

X X X

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Özbəkistan Prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: “Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.