Amnistiya ilə bağlı şayiə yayıldı – “Guya paroldur…”

İctimaiyyətdə zaman-zaman müzakirə olunan mövzulardan biri də amnistiya məsələsidir. Məsələn, cinayət törətmiş şəxs 9 il 6 ay və ya 3 il 5 ay 10 gün həbs cəzası alırsa, insanlar əlavə ayın, günün amnistiyaya düşməmək üçün verilməsi ilə əlaqələndirirlər. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, bu, yanlış düşüncədir:

“Bəziləri düşünürlər ki, guya 3 il 6 ay və ya 5 il 4 ay 3 gün tipli cəza veriləndə bu, məhkəmələr, şəxslər, qurumlar arasında paroldur, həmin şəxs amnistiya və ya əfvə düşmür. Tamamilə absurd və yalandır”.

Hüquqşünas deyib ki, cinayət qanunvericiliyimizdə amnistiya və əfvetmə var:

“Əfv Prezidentin fərmanına əsasən konkret şəxslərə ünvanlanır, amnistiya isə fərdi qaydada deyil, müxtəlif maddələr üzrə olur. Bundan başqa, cəzadan vaxtından əvvəl azadetmə də mümkündür. Burada ictimaiyyətə təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər üzrə fərqli kateqoriyalar nəzərdə tutulub”.

Zaira Akifqızı
Globalinfo.az