İranın sərhəd həmləsinin səbəbi – Tehran nəyə çalışır?

İranla Azərbaycan arasında münasibətlərin normallaşması haqda mesajlar verilsə də, rəsmi Tehran vəd etdiyi dostluq-qonşuluq dəyərlərinə zidd davranış sərgiləməyə davam edir. Ötən gün SEPAH generalı Məhəmməd Baqiri və digər generalların Azərbaycanla sərhəddə yerləşən hərbi hissəyə gəlməsi və bu fonda verilən mesajlar birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe vacib üstünlüklərlə yanaşı, bir sıra təhlükəsizlik problemlərinə də yol açıb:

“Bu reallıqları qəbul etmək istəməyən tərəflər və beynəlxalq subyektlər, təbii ki, var və olacaq. Təəssüf ki, İran da ötən dövr ərzində bu sırada xüsusi fərqlənmiş və davamlı olaraq mehriban qonşuluq münasibətlərinə sığışmayan davranışlar nümayiş etdirib.

Lakin biz beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, bütün dövlətlərlə dinc, yanaşı yaşamağa səy göstərir və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinin bərqərar olunmasına çalışırıq. Biz İrana potensial düşmən yox, faydalı əməkdaşlığımızın mövcud olduğu mehriban qonşumuz kimi baxmağı arzu edir və bu istiqamətdə addımlar atırıq. Ən ali səviyyədə də bəyan edildiyi kimi, İranla münasibətlərimizin gərginləşməsi bizdən qaynaqlanmır, biz dialoqa açığıq və münasibətlərin normallaşması üçün çox sadə şərtlətimiz var. İran Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktına görə beynəlxalq hüququn aliliyini və ədaləti rəhbər tutmalı, eləcə də digər təhrikedici əməllərindən çəkinməlidir.

Bilirsiniz ki, zatən Tehran Azərbaycanda casus şəbəkəsi, müxtəlif terror-təxribat cəhdləri ilə nəyə isə nail ola bilmir. Təhlükəsizlik orqanlarının peşəkarlığı, bu sahədə beynəlxalq səviyyəli müttəfiqlərimizlə sağlam münasibətlərimiz bizə regionda bütün təhdidlərdən, o cümlədən İrandan bir neçə addım öndə olmağımıza imkan yaradır. Yəni istənilən istiqamətdən hər hansı təhdid yaranarsa, yaxud buna cəhd olarsa, təbii ki, adekvat reaksiya veriləcək”.

Millət vəkili bildirib ki, təhlükəsizlik orqanlarının dövlətin müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş fəaliyyətləri mövsümi xarakter daşımır:

“Biz Müzəffər Liderin rəhbərlik etdiyi və hər bir geosiyasi ssenari üçün hazır planları və həmin planları reallaşdırmağa imkanı olan qalib və qüdrətli dövlətik. Situasiyaya adekvat surətdə həm profilaktik işlər, həm də əməliyyat şəraitinə uyğun formada tədbirlər daim həyata keçirilir”.

Zaira Akifqızı
Globalinfo.az