“Həmin məmurlar həbs olunmalı, mənimsədikləri pullar dövlətə qaytarılmalıdır” – Səs-küylü təklif

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı Gədəbəyin Söyüdlü kəndində baş verən ekoloji fəlakət haqda sərt fikirlər səsləndirdi. Ölkə başçısı birbaşa Baş nazirlə ekologiya nazirini tənqid etdi. Bir şey aydın oldu ki, həmin kənddə ikinci göl tikilməyəcək. Bəs Söyüdlüdə yaradılmış fəlakətli durum hansı şəkildə aradan qaldırılacaq?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, prezidentin ətrafında olan məmurlar ona yalan danışırlar.

“İnanın ki, baş nazirdən tutmuş, üzüaşağı əksər məmurlara qədər xəyanət edirlər. Bir zaman Rövnəq Abdullayevin sumkasını daşıyan ekologiya və təbii sərvətlər naziri ölkə başçısını aldatdığı üçün günü bu gün vəzifədən getməlidir.

Adam Gədəbəyin Söyüdlü kəndində camaatı prezidentə qaşı qaldırıb. Vaxtında tədbir görsə, ərazilərə baş çəksə, insanların dərdini dinləsə belə olmazdı. Görünür, həmin şirkət rəhbərliyi ilə əlbir olub. Bunu cənab prezident özü də dedi. Ölkə başçısı çıxışı zamanı da xalqın yanında olduğunu bildirdi”.

Hafiz Hacıyev

H.Hacıyev deyib ki, nazirlərin yarıtmaz fəaliyyəti, kimlərəsə arxayin olması hər şeyi gətirib bu həddə çatdırıb:

“Cənab prezident deyir ki, tapşırıq versə də, ona məruzə edən yoxdur. Bu nə deməkdir?! Mən həmin nazirlərin yerinə olsam, dərhal istefa verərəm. Burada Gədəbəy rayon icra başçısının da günahı az deyil. Elə xalqı prezidentə qarşı qaldıran o oldu. Gedib məsələni sakit yoluna qoymaqdansa, camaatın hissiyyatı ilə oynadı”.

Hafiz Hacıyev deyir ki, artıq ciddi tədbirlər görməyin zamanıdır:

“Xalq prezidentin onların yanında olduğunu görməlidir. Amma təəssüf ki, bizim rəhbərimizin də bəxtinə belə xəyanətkar məmurlar düşüb. Adıçəkilən şəxslər araşdırılmalı və həbs olunmalıdırlar. Mənimsədikləri pullar isə dövlətə qaytarılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az