“1 milyard dolların Yaqub Eyyubovun oğluna məxsus olduğu təsdiqlənsə…” – Deputatdan şərh

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğluna məxsus olduğu deyilən bir milyard dollar vəsaitin dondurulması haqda xəbəri şok effekti yaradıb. Xatırladaq ki, bu haqda ilk dəfə xəbəri Unikal.az saytı yaymışdı. Sayın bildirdiyinə görə, hadisə Riqa şəhərindəki banklardan birində baş verib.

Maraqlıdır ki, Yaqub Eyyubov hökumətdə müdafiə nazirliyinin fəaliyyətinə nəzarət edən əsas adamdır. Onu tez-tez MN-nin təlimlərində, başqa tədbirlərdə görmək olar.

Ötən həftə birinci vitse-premyerin yaxın vaxtlarda istefa verəcəyinə dair mediada xəbərlər yayılmışdı. Prosesin həm də Naxçıvan Muxtar Respublika Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasına qədərki proseslərə bənzəməsi də diqqət çəkir.

Baş nazirinin birinci müavini Yaqub Eyyubovun və oğlunun adının xarici bankda bir milyard dollar vəsaitin dondurulması xəbərində hallanması növbəti “Vasif Talıbov əməliyyatı”nın başlanğıcı ola bilərmi? Y.Eyyubovun ətrafında xüsusi əməliyyatmı keçirilir?

Bu, Naxçıvanda başlayan prosesin tərkib hissəsidirmi? Talıbovdan sonrakı hədəf Eyyubovdurmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, bu məsələlər vaxtaşırı medianın gündəliyinə gətirilir:

“Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması olduqca zəruridir. Korrupsiya ilə bağlı hər hansı faktlar varsa, böyük məbləğlərdən söhbət gedirsə, əlbəttə ki, diqqətə alınmalıdır. Hər halda bunun açıqlaması verilməlidir.

Mövzu haqda fikir söyləməkdə çətinlik çəkirəm, çünki rəsmi açıqlama ortaya qoyulmayıb. Fakt təsdiqini tapandan sonra fikir bildirmək daha məqsədəuyğundur.

Bütövlükdə məsələyə çox ciddi yanaşılmalı, dərhal reaksiya verilməlidir. Bu cür faktların olması Azərbaycanın beynəlxalq imici üçün ciddi ziyandır. Əgər bu təsdiqini tapacaqsa, müvafiq addımlar atılmalıdır. İstər hökumət rəsmisi olsun, istərsə də parlament nümayəndəsi, məsuliyyəti daşımalıdır. Hüquqi instansiyalar qarşısında məsələ aydınlaşmalı, ictimaiyyətə məlumat verilməlidir. Çünki bu, ictimaiyyətin hökumətə inamını sarsıda bilər”.

Turan Rzayev
Globalinfo.az