Əliyev onilliklər boyu davam edən problemi həll etdi – Rus nəşri

“Rossiyskaya qazeta” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə “Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib” sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, İlham Əliyevin hakimiyyəti Azərbaycanda daxili-siyasi sabitliyin simvolu olmaqla yanaşı, eləcə də ölkənin beynəlxalq nüfuzunu necə gücləndirə biləcəyinin nümunəsinə çevrilib.

“Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib. Bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və genişspektrli risklərə müqavimət göstərir. Bütün bunlar İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsidir”, – məqalədə qeyd edilir.

Bildirilir ki, İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsinə və ixracdan asılılığın azaldılmasına birmənalı önəm verir, çünki vətəndaşların rifahını özünün prioriteti hesab edir.

“Dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrilib. İnvestisiya sahəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmaq məqsədilə ilkin mərhələdə Bakı münaqişələrin azaldılmasına və böhranların qarşısının alınmasına diqqət yetirib.

İlham Əliyevin hakimiyyəti illərində ölkə əsas maraqlarının perimetri boyu riskləri minimuma endirməyə nail olub. O, onilliklər ərzində Azərbaycanda gündəmi zəbt edən problemi həll etdi, Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi. Hazırkı prezidentin rəhbərliyi altında ölkə faktiki olaraq bir vaxtlar işğal olunmuş region ətrafında yerli erməni əhalisinin maraqlarını hərtərəfli nəzərə alaraq total reinteqrasiya üçün şərait yaradıb.

İyirmi il ərzində Prezident bütün seçki vədlərini praktiki olaraq yerinə yetirib: genişmiqyaslı regional layihələr həyata keçirilib, dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər həllini tapır. Azərbaycan regionda faktiki və şəksiz liderə çevrilib”, – məqalədə vurğulanıb.