Zəngəzurda son durum: İrəvan iki bəladan xilas edilir

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sülh prosesi ilə yanaşı açıq qalan suallardan biri də Zəngəzur dəhlizi məsələsidir. Maraqlıdır, sözügedən istiqamətdə hansı addımlar atılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, proseslər Azərbaycanın xeyirinə gedir:

“Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iki böyük problemdən qurtulacaq: birincisi, müstəqil iqtisadi siyasət yürütmək imkanı əldə edəcək, ikincisi isə beynəlxalq güclərin, böyük dövlətlərin aləti olmaqdan xilas olacaq. Çünki bu proses vasitəsilə rəsmi İrəvan heç bir dövlətdən asılı olmayacaq, hansısa beynəlxalq təşkilatın göstərişini yerinə yetirməyəcək”.

Politoloqun fikrincə, Zəngəzur dəhlizinin açılması regionda yeni münaqişələrin yaranmasının qarşısını alacaq:

“Region ölkələrinə vəd edilən yalan, şirnikləndirici vədlər heç bir məna kəsb etməyəcək. Ukraynanın hazırkı vəziyyəti buna əsas nümunədir. Ona görə də regionda yeni münaqişənin olacağı gözlənilmir. Əksinə həmin ölkələr özlərini iqtisadi-siyasi cəhətdən inkişaf etdirməyə çalışacaqlar”.

Ramiz Alıyev qeyd edib ki, hazırda Zəngəzur dəhlizinin açılmasına mane olan qüvvələr var:

“Onlardan biri də Fransadır. Belə düşünürlər ki, sözügedən proses reallaşdığı halda İrəvan Paris asıllığından çıxacaq. Lakin bütün bunlara baxmayaraq, yaxın zamanda Zəngəzur dəhlizinin açılması mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az