Türkiyədə zəlzələ qurbanları Azərbaycan mahnısı ilə anıldı – VİDEO

Ötən il fevralın 6-sı gecə saatlarında Türkiyədə baş verən zəlzələnin birinci ilinin anım mərasimindən yayılan görüntülər maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Hatay şəhərində zəlzələ qurbanlarının xatirəsi Azərbaycanın məşhur “Ayrılıq” mahnısı ilə anılıb.

Mahnı Hatay Akademik Simfoniya Orkestrinin müşayiəti ilə fəlakət bölgəsində dağıntılar arasında xor tərəfindən ifa edilib. Əraziyə gələn, yaxınlarını itirən vətəndaşlar da ifaya qoşulublar. Zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Anım mərasiminin görüntüləri sosial şəbəkələrdə gündəm olub, böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Ayrılıq” mahnısının musiqisi Güney azərbaycanlı bəstəkar və tarzən Əli Səliminə, sözləri ərdəbilli şair Fərhad İbrahimiyə məxsusdur. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

Əliyar Xəlil
Globalinfo.az