Rusiya Prezidenti Vladimir Putin Türkiyədə Ukrayna lideri ilə keçirilməsi planlaşdırılan görüşə qatılmadı. Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verərək bildirib ki, Rusiya prezidentinin İstanbul danışıqlarında iştirak etməyəcəyi əvvəldən məlum idi və bu qərar dəyişməz olaraq qalır.
Həmçinin ABŞ Prezidenti Donald Trump da eyni görüşdə iştirak etməyəcəyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə birbaşa Putinin iştirakı olmadan Rusiya tərəfi ilə danışıqların heç bir mənasının olmadığını bəyan etdi və bu səbəbdən o ölkənin nümayəndə heyəti ilə görüşməyəcəyini bildirdi. O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, lakin İstanbulda Rusiya nümayəndə heyəti ilə müzakirəyə qatılmayıb.
Liderlərin öncədən razılaşmasına baxmayaraq İstanbul görüşünə qatılmamasının səbəbi nədir? Yaxın zamanda bütün tərəflərin iştirakı ilə yeni bir müzakirə keçirilə bilərmi?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, ABŞ, xüsusilə də Donald Trump Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün çox ciddi şəkildə çalışır:
“Tramp bu məsələ ilə bağlı ardıcıl təmaslar qurur, diplomatik danışıqları intensivləşdirir. Əslində Türkiyədə keçiriləcək görüş bu baxımdan çox önəmli fürsət idi. Amma Putin bu görüşə qatılmadı, ardınca Tramp da səfərdən imtina etdi. Beləliklə, yüksək səviyyəli bir dördtərəfli format – Putin-Trump-Zelenski-Ərdoğan görüşü reallaşmadı. Donald Trump bu görüşlə həm ABŞ-ın geosiyasi maraqlarını önə çəkmək, həm də çoxdan arzuladığı Nobel Sülh Mükafatına bir addım yaxınlaşmaq istəyirdi. Amma görünür, bu hədəfə hələlik nail ola bilməyəcək.
Bu cür yüksək səviyyəli liderlərin iştirakı olmadan aparılan danışıqlardan real nəticə gözləmək çətindir. Əslində, Ukrayna prezidenti uzun müddətdir ki, birbaşa, şəffaf, liderlər səviyyəsində danışıqların tərəfdarıdır. Amma bu formatda müzakirənin baş tutmaması görüşün yalnız simvolik xarakter daşımasına səbəb oldu. Vladimir Putinin qatılmaması, nəticə etibarilə, bu təşəbbüsün ciddi nəticələr doğurmayacağını göstərdi”.

İlyas Hüseynov
Politoloq Rusiya və Ukrayna arasında gedən danışıqlarda ciddi təzadların olduğunu vurğulayıb:
“Əsas problem ondadır ki, Rusiya təkcə Ukrayna ərazilərini işğal etməyib, həm də onları ilhaq edib və bu addımını hüquqi sənədlərlə təsdiqləyib. Bu məsələ danışıqlar prosesini daha da çətinləşdirir. Tərəflərin belə bir şəraitdə razılaşması son dərəcə mürəkkəb görünür. Moskva geri addım atmaq istəmir, əksinə, Kiyevə təzyiqləri artırır. Bu isə öz növbəsində prosesi uzadır və müharibənin davam etməsinə səbəb olur.
Türkiyədəki görüş, gözlənildiyi kimi, heç bir ciddi irəliləyiş gətirmədi. Zelenski bir daha bəyan etdi ki, danışıqlar yalnız Putinlə birbaşa təmas nəticəsində baş tuta bilər. Amma hazırda belə bir niyyətin olmaması prosesin dalana dirəndiyini və status-kvonun hələ uzun müddət davam edəcəyini göstərir”.
Turan Rzayev
Globalinfo.az