zelenski 1 2

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə Ukrayna üçün dövlətin mövcudluğu məsələsi olaraq qalır, lakin diplomatik yolla başa çatdırılması hələ də mümkün variant kimi nəzərdən keçirilir.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Əbu-Dabidə keçirilən son məsləhətləşmələrin detallarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, ABŞ müharibənin aktiv fazasını yayın əvvəlinə, yəni iyun ayınadək bitirməyi hədəfləyir və danışıqlar prosesi üçün aydın zaman qrafiki irəli sürür.

“Amerikalılar deyirlər ki, hər şeyi iyuna qədər bitirmək lazımdır. Müharibənin bitməsi üçün əllərindən gələni edəcəklər. Onlar bütün proses üzrə dəqiq qrafik görmək istəyirlər”, – Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Vaşinqton mərhələli planı təşviq edir. Bu plan əsas razılaşmaların və təhlükəsizlik zəmanətlərinin təxminən eyni vaxtda imzalanmasını nəzərdə tutur.

Zelenski əlavə edib ki, ABŞ-ın sülh təşəbbüslərinin vaxt seçimi noyabrda keçiriləcək prezident seçkiləri ilə də bağlıdır:

“Amerikalılar üçün tezliklə başqa prioritet, Konqres və daxili siyasi proseslər ön plana çıxacaq. Seçkilər onlar üçün daha vacibdir. Sadəlövh olmamalıyıq. Ona görə də deyirlər ki, hər şeyi iyuna qədər bitirmək istəyirlər”.

Ukrayna Prezidenti ABŞ-ın müəyyən edilən vaxt çərçivəsinə sığmaq üçün münaqişənin hər iki tərəfinə təzyiq göstərə biləcəyini də istisna etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: