
Azərbaycanda uşaq baxçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən olan görüntülər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları – ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər. Video sosial şəbəkədə hiddətlə qarşılanıb, uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub.
Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil.
Təhsil eksperti Elçin Əfəndi mövzunu Globalinfo.az-a şərh edib:
“Bağça və məktəbəqədər təhsil idarələrində oxuyan uşaqların indidən müvafiq olaraq sırf psixoloji basqı altında böyümələri, qaziləri, yaralıları təmsil etmələri, yolverilməzdir. Bunun qazilərimizə xoş getsin deyə və ya bugünkü günə görə hazırlanması, fikrimcə, doğru yanaşma sayıla bilməz”.
Ekspertin sözlərinə görə, bunun yerinə qələbə ruhlu görüntülərin verilməsi və ya səhnələrin yaradılması daha məqsədəuyğun idi:
“Həmin bağçadakılar ən azından uşaqların yaş psixologiyasını nəzərə almalı idilər. Uşaqların hərbi geyimdə paradını təşkil etmək olardı”.
Psixoloq Fərqanə Mehmanqızı da görüntüləri izlədiyini deyib:
“Əgər biz qalibiyyətimizi ölümlə, bədbəxtlik və faciə ilə tərənnüm etdirsək onlar da savaş və zəfərimzi itkilərlə, ölümlə xatırlayacaqlar.
Biz xalq olaraq şəhidlərimizin uca zirvədə olduğunu, bunun hər kəsə nəsib olmadığını, Azərbaycanın Qarabağ və Turan uğrunda savaşının onlar üçün bir qalibiyyət olduğunu anlatsaq, azyaşlılar bunu belə qəbul edəcəklər”.
Psixoloqun sözlərinə görə, əgər uşaqlara qələbəmizi yazıqlıq, fağırlıq, şiddət və bədbəxtlik kimi obrazlarda göstərsək onların daxilində həmişə erməni xofu və qorxusu olacaq:
“Bu vaxta qədər Xocalı və 20 yanvar faciələrini, digər qanlı tarixi təbliğ etmişik, yazıqlıq xofu ilə yaşamışıq. Artıq yanaşma dəyişməlidir. Çünki qalib ölkəyik. Yazıqlı, çarəsizlik psixologiyasından azad olmalıyıq. Qazilərimizi əzab çəkən, ağırı yaşayan obrazda təqlid və təbliğ etmək yanlışdır. Onlar yaralı olsalar da, qalib ordunun qaziləridir.
Gülnar Səlimova, Globalinfo.az