
“Yeni tikilən binaların birinci mərtəbəsində məktəbəqədər təhsil müəssisələri yaradılsın”.
Globalinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, bu həm sayca, həm də qiymət baxımından əlçatan və mümkündür:
“Valideynlərin hər ikisi işləyəndə uşağa baxmaq çətinlik yaradır. Binalarda mağazalar açmaq əvəzinə, məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərsə, valideynlər uşaqlarını uzaqlara, avtobusla aparmaq məcburiyyətində qalmazlar. Bina sakinləri uşaqlarını birinci mərtəbədəki bu müəssisələrə rahatlıqla göndərə bilərlər”.
O qeyd edib ki, bələdiyyələrin öz ərazilərində məktəbəqədər təhsil müəssisələrinin açılmasını təmin etməsi də müsbət olardı:
“Uşağı evdə saxlamaq onun inkişafına mane olur və psixoloji problemlərə səbəb ola bilər. Özəl təhsil müəssisələrinin bəzilərində isə aylıq ödəniş 7000 manatdır. Ailə birdən çox uşaq sahibidirsə, bu, böyük yükdür. Bu məsələlər qanunvericilik səviyyəsində yenidən nəzərdən keçirilməlidir”.
Safura Bənnayeva
Globalinfo.az