Yaponiyada güclü zəlzələ: ölənlər var – VİDEO

Bu gün Yaponiyada baş verən bir neçə güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, artıq ölkədə baş verən zəlzələlərin sayı 30-u ötüb. Müxtəlif gücdəolan bu yeraltı təkanlardan ən güclüsü 7,6 maqnitudalı olub.

Bununla belə, yaxın həftələrdə afterşokların davam edəcəyi bildirilir.

Hazırda ölkənin bütün qərb sahili üçün sunami təhlükəsi qüvvədədir. Ölkə sahillərində baş verən ən yüksək dalğanın hündürlüyü 5 metrə çatıb.

Ən son məlumata görə, təbii fəlakət nəticəsində 10-dan çox insan xəsarət alıb, eləcə də ölkənin qərbində güclü yanğınlar baş verib. Eyni zamanda, ölkənin dağ bölgələrində sel və torpaq sürüşməsi qeydə alınıb.

***15:46

Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.

Globalinfo.az bildirir ki, bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.

***15:33

Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.

Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.

Qeyd olunub ki, faktlar toplanılır və dəqiqləşdirilir.

***14:14

Yaponiyanın qərb sahillərini sunami vurub.

Globalinfo.az bildirir ki, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.

Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

***11:51

Bu gün Yaponiyada qeydə alınan 7,6 maqnitudalı zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib.

Globalinfo.az bildirir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yerli vaxtla saat 16.10-a baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

X X X

Yaponiyanın qərbində 5,6 və 7,4 bal gücündə ardıcıl zəlzələlər baş verib.

Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, güclü təkanlar Osaka, Tokio və Kiotoda hiss olunub.

Ölkədə sunami təhlükəsi elan edilib.

Globalinfo.az