“Qanunun əsas məqsədi Azərbaycanda ehtiyacı olan şəxslərin pulsuz hüquqi yardım almasına dəstək verməkdir. Bu, olduqca müsbət təşəbbüsdür. Lakin pulsuz xidmət göstərilərkən ilk növbədə keyfiyyət məsələsi nəzərə alınmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bələdiyyələr geniş səlahiyyətlərə və maliyyə imkanlarına malik olduqları halda, şəhid ailələri və pensiyaçılar kimi sosial qruplara müəyyən güzəştlər tətbiq edə bilərləu:
“Qanun qəbul edilərkən ölkənin reallıqları nəzərə alınmalı və həqiqətən ehtiyacı olan insanların hüquqi yardım alması təmin edilməlidir.
Vəkillər Kollegiyası artıq bu istiqamətdə ciddi işlər görür, müxtəlif humanitar təşəbbüslər həyata keçirir. Vəkillərin sayının artması da müəyyən problemlərin azalmasına və pulsuz hüquqi yardımın daha geniş təbəqələrə, o cümlədən şəhid ailələrinə çatmasına imkan yaradıb”.
Deputat dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsini müsbət addım kimi qiymətləndirsə də, bu xidmətin bütün aztəminatlı insanları əhatə edib-etməyəcəyi məsələsinə aydınlıq gətirilməli olduğunu vurğulayıb:
Hüquqi yardımın kimlərə göstəriləcəyini müəyyənləşdirərkən yalnız şəhid ailəsi, müharibə veteranı kimi kateqoriyalara əsaslanmaq düzgün deyil. Əsas meyar şəxsin maddi vəziyyəti olmalıdır. Bu baxımdan minimum əməkhaqqı göstəricisinin əsas götürülməsini təklif edirəm. Aylıq gəliri 400 manatdan aşağı olan bütün vətəndaşların bu xidmətdən yararlanması daha məqsədəuyğun olardı.
Müharibə veteranlarının heç də hamısı eyni maddi vəziyyətdə deyil: bəzilərinin yüksək gəliri olduğu halda, digərləri sosial təminatdan məhrumdur və ailəsinə cəmi 100-200 manat vəsait daxil olur. Buna görə də hüquqi yardım şəxsin sosial statusuna deyil, real ehtiyacına uyğun göstərilməlidir”.
Həmçinin ilkin hüquqi yardım və peşəkar vəkillik xidməti arasında fərq qoyulması vacibdir. Hüquq təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin də ilkin hüquqi yardım prosesinə cəlb edilməsini nəzərdə tutan mexanizmin tətbiq olunmasını təklif edirəm.
Əvvəllər məhkəmələrdə nümayəndəlik institutu mövcud idi və insanlar qohumlarının, yaxınlarının köməyi ilə hüquqlarını müdafiə edə bilirdilər. Lakin bu imkan aradan qaldırıldıqdan sonra hüquqi xidmətlərin ödənişli və bahalı olması bəzi vətəndaşların məhkəməyə müraciət etməkdən çəkinməsinə səbəb olub. Yeni qanun məhz belə insanların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Safura Bənnayeva
Globalinfo.az