
Oktyabrın 21-i səhər saatlarından paytaxtda yağan aramsız yağış bir sıra fəsadlara səbəb olub.
Globalinfo.az xəbər verir ki, paytaxtın bəzi küçə və prospektləri suyun altında qalıb, buna görə də, axşama doğru tıxac problemi yaranıb.
Hazırda paytaxtın fərqli istiqamətlərində küçə və prospektlərdə güclü tıxac müşahidə olunur. Avtomobillər demək olar ki, hərəkət edə bilmir.
“Həmişə tez gedirdik, indi isə güclü tıxac var. Bir saatdan artıqdır ki, buradayıq. Əvvəl bu yolu 10 dəqiqəyə gedirdik”, – deyə narazı sürücülərdən biri bildirib. Tıxac səbəbindən avtobusların hərəkətində də çətinliklər yaşanıb. “Dayanacaqlarda millət doludur, avtobus yoxdur. Piyada gəlmişəm. Burada da avtobus zolağı çəkilsə idi, yaxşı olardı”, – paytaxt sakini deyib.
Ətraflı Baku TV-nin süjetində:
***15:59
“Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolda avtomobil sıxlığı müşahidə olunur”.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Vurğulanıb ki, havanın yağışlı keçməsi səbəbindən sürücülər ehtiyatlı davranaraq təbii olaraq sürət həddini azaldırlar. Bu da sıxlıq olan küçə və prospektlərin sayının artmasına səbəb olub.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görürlər.
Hazırda yollardakı vəziyyət:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Xətai prospekti, “Şərq bazarı” istiqamətində;
10. Zərifə Əliyeva küçəsində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
17. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
18. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
19. “3-cü mikrorayon” dairəsində;
20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
21. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;
22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.