Xocalıda tarixi anlar – İLK DƏFƏ…

Bu vaxta qədər Xocalı soyqırımı qurbanlarının xatirəsi Bakıdakı “Ana harayı” abidəsinin önündə yad edilirdi. Azərbaycan Xocalı rayonu üzərində tam nəzarəti bərpa etdikdən sonra orada 26 fevral faciəsi ilə bağlı hansı tədbirlərin görüləcəyi maraq doğuran məqamdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan əslən Xocalıdan olan deputat Elman Məmmədov qeyd edib ki, Xocalı soyqırımı ölkədə hər zaman anılıb:

“Artıq Xocalı rayonu işğaldan azad edilib. Bu ərazidə tam şəkildə suverenliyimiz bərpa olunub. “Böyük qayıdış” proqramı çərçivəsində vətəndaşların öz yurd-yuvalarına köçməsi üçün quruculuq işləri davam etdirilir. Xocalıya yenidən həyat qayıdır.

Soyqırımının 32-ci anım günündə – fevralın 26-da bir qrup Xocalı sakini ilə gedib öz yurdumuzda şəhidlərimizin xatirəsini anacağıq. Xocalı soyqırımı ilk dəfə hadisənin baş verdiyi rayonda yad ediləcək. Bu, tarixi bir gün olacaq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Xocalıda Bayraq Meydanına yaxın ərazidə soyqırım qurbanlarına həsr olunmuş abidənin qoyulması ilə bağlı işlər aparılır.

Safura Bənnayeva
Globalinfo.az