Xaricdə təhsil alanlarla bağlı YENİ QƏRAR


“Xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişdi. Mənə görə İnqilabi dəyişiklik baş verdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Ağayev deyib.

O bildirib ki, bu, kifayət qədər müsbət dəyişiklikdir və insanların təhsil hüququnun təmin olunmasıdır:

“Dəyişikliyə görə:

Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub.

Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər.

Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu doğru addımdır. Təhsil nazirliyi bunu yoxlaya bilməzdi.

Təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.

Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.

Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az