Əgər bu məqaləni – “Qarabağda tualet biabırçılığı: “Qədim Xankəndi”də ağılalmaz qadağa” – oxuyanlar “mövzuya niyə toxunmusunuz?” sualını vermiş olsa, cavab özlüyündə aydındır: cəmiyyətin heysiyyətini, dəyərlərimizi qorumaq üçün. Çünki söhbət, Vətən qarşısında fədakar xidməti olan qazi polkovnikin ailə üzvləri olduğunu bilə-bilə bir qrup qadının restoranın tualetindən istifadəsinə yol verilməməsi ilə bağlıdır. Özü də məhz restoran rəhbərliyinin qadağası olduğunu deyiblər. Çünki insan ləyaqəti təkcə salonlarda, tribunalarda və sair yerlərdə deyil, gündəlik məişətdə – o cümlədən bir restoranda (hətta o restoranın tualet qapısı önündə) sınağa çəkilə bilirmiş. Və həmin məqamda ticarətçi hərisliklə insanlığın üzərinə kölgə salırsa – susmaq yaramazlığı təşviq etmək deməkdir.
Qısa xatırlatma: “Qədim Xankəndi” restoranında vətəndaşa – özü də xanımlara tualetdən istifadə üçün icazə verilməməsinə səbəb kimi “siz burada yemək yeməmisiniz” kimi ağlasığmaz və antihumanist arqument irəli sürülüb. Üstəlik də, vətəndaşlar yemək qiymətlərinin çox yüksək olması səbəbindən orada çay süfrəsi sifariş etmək istəsə də, xidmət göstərilməyib – buna baxmayaraq, tualetdən istifadə üçün əlli qəpiklik məbləğin 50 qatı təklif olunsa da, Elşad adlı əməkdaşın göstərişi ilə qapını açmayıblar.
İndi isə restoran rəhbərliyi deyir ki, “Elşad adlı əməkdaşımız yoxdur”. Bu iki ehtimalı doğurur: ya əməkdaşın adı bilərəkdən yanlış təqdim olunub, ya da o şəxs əmək müqaviləsiz, qeyri-qanuni çalışdırılır. Biz bu mövzuda həqiqətin nədən ibarət olduğunu dəqiq bilməsək də, hər iki hal ayrı-ayrılıqda hüquqi məsuliyyət daşıyır. İcarədar isə bu faktların heç birinə toxunmadan, öz “gülünc iş prinsipləri”ni müdafiəyə qalxır.
Bizi ittiham edirlər ki, guya yazımız qərəzlidir. Necə yəni? Məgər biz “qonşu obyekt sahibi”yik, rəqabətdəyik ya nə? Axı heç bir ağlı başında olan insan, belə önəmsiz qərəzə görə ictimai mövzunu gündəmə gətirib öz imzasını riskə atmaz. Rəqabət adı ilə qeyri-peşəkarlıq və insanlığa qarşı sayğısız davranışlar ört-basdır edilə bilməz.
Əgər obyekt icarədarı iddia etdiyi qədər haqlıdırsa – çox gözəl! Bəs videomüşahidə kameraları niyə susur? Buyurun, ictimaiyyətə təqdim edin: göstərsin ki, vətəndaşlara münasibətdə haqlısınız, bizsə “böhtan” atmışıq. Amma bunu etmirsiniz – çünki yaxşı bilirsiniz, həqiqət sizdən yan keçib.
Bizim əlimizdə sözümüzü təsdiqləyən faktlar var, şahidlər var. Sizin isə yalnız “çox danışmaqla ayıb örtmək cəhdiniz” var.
Əslində, bu hadisə bir restoranın deyil, mədəniyyətin və insanlıq duyğusunun iflasa uğraması kimi qiymətləndirilməlidir. Bəli, bu hadisə Qarabağdadır – vətən torpağında, yeni nəfəs almış şəhərdə, Xankəndidə. Orada insanımızı tualet qapısından geri qaytaran hər kəs təkcə qanun qarşısında yox, ümumən Vətən qarşısında da cavabdehdir.
Mən 1991-ci ildən mətbuatda çıxış edirəm, belə “unikal cavab”la ilk dəfə rastlaşıram.
Beləliklə, əgər vicdanınız varsa – üzr istəyin. Əgər cəsarətiniz varsa – görüntüləri əvvəldən-axıradək paylaşın. Əgər bu da yoxdursa – susun və ayıbınıza kor olun.
Əkbər QOŞALI