Xankəndidə müharibə hazırlığı: “yeni Kadırov” peyda olur

Separatçılar sadə erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını hər vəchlə almağa çalışırlar. Bütün mümkün vasitələrdən yararlanan separatçıların son ümidi BMT təhlükəsizlik Şurasının iclasına qalmışdı. Artıq oradan da “rədd” cavabı aldılar. Amma separatçılar geri çəkilmək niyyətində deyillər, onlar silahlı mübarizəyə hazırlaşırlar.

Erməni mətbuatı yazır ki, separatçıların arasında reallığı anlayan, Bakının şərtlərini qəbul etməyin vacib olduğunu başa düşənlər də var. Onlardan biri qondarma qurumun “təhlükəsizlik şurası”nın sabiq “katibi” Samvel Babayndır.

Babayn həm baş separatçı Araik Artyunyanı, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edir. O iddia edir ki, Bakının şərtlərini qəbul etməkdən savayı yol yoxdur, əks halda xalq əziyyət çəkəcək.

Onun belə fikirləri separatçıları narahat etməyə başlayıb, ona görə Babayanı hədəfə götürüblər.

Separatçılar ona qarşı kampaniya başladıblar. Müharibə tərəfdarı olanlar Babayanı “artsax”ın “Kadırov”u adlandıraraq, onu Azərbaycanla reinteqrasiya tərəfdarı olanlar arasında gözdən salmağa çalışırlar.

Separatçılar paralel olaraq, “müharibədən, vuruşmaqdan savayı yolumuz yoxdur” təbliğatını da genişləndirirlər.

Böyük ehtimalla, yaxın günlərdə Azərbaycanla reinteqrasiya tərəfdarı olanların cəzalandırılması prosesi başlayacaq. Bunun ardınca isə ermənilər təxribatçı addımlara start verə bilərlər.

Ona görə də Azərbaycan Ordusunun hər cür təxribata hazır olması vacibdir.

Publika.az