Xankəndi yolunda azərbaycanlı və erməni gənclər üz-üzə: o qüvvələr hanı? – VİDEO

Azərbaycanlı gənclərin ekoloji terrora qarşı Xankəndi-Laçın yolunda keçirdikləri aksiya artıq 9-cu gününə qədəm qoyub və gün keçdikcə daha geniş vüsət alır. Bu genişlənmə təkcə öz daxilində yox, həm də xarici arealda müşahidə olunur. Belə ki, ekofəallarımız artıq açıq şəkildə erməni gənclərə çağırış edərək, onları bu aksiyaya qoşulmağa, səmimi, mehriban və sülh ortamında ekoloji terrora etiraz etməyə çağırıblar.

Globalinfo.az bildirir ki, bunu ölkə daxilində iki toplumun bir araya gəlməsi baxımdan ilk çağırış hesab etmək olar. Bu vaxta qədər ayrı-ayrı şəxslər bu istiqamətdə çağırış etsələr də, bu, kütləvi hal almamışdı. Son 30 ildə iki toplum yalnız hərbi müstəvidə, onda da fiziki mənada bir-birinə yaxın olub. İlk dəfədir ki, iki toplumun gəncləri Qarabağda mülki müstəvidə bir-birinə bu qədər yaxın olurlar. Belə demək mümkünsə, hazırda Xankəndi yolunda azərbaycanlı gənclər və erməni əsilli Azərbaycan vətəndaşları üz-üzə dayanıblar. Lakin təəssüf ki, bəzi qüvvələr, konkret desək, Xankəndidəki terrorçu liderlər buna imkan vermirlər.

Təbii, Xankəndidə əksər ermənilərin beyni türkofobiya ilə yuyulub. Onlara azərbaycanlıların qəddar, qaniçən və düşmən olduqları təlqin edilib. Amma şübhə etmirik ki, artıq sülh dövrünün zəruri olduğunu anlayan ermənilər də var. Onlar gənclərimizin sülh çağırışında səmimi olduqlarını başa düşürlər və ekoloji terrora qarşı keçirilən bu aksiyaya qatılmaqla ilk təmasların mümkünlüyünü anlayırlar.

Maraqlı məqam isə müharibəyə qədər Azərbaycan və Ermənistan toplumlarını bir araya gətirməyə çalışan “no war”-çıların ortada görünməməsidir. Yadınızdadırsa, Vətən müharibəsi vaxtı bir qrup Azərbaycan və Ermənistan gənci savaşın dayandırılması barədə bəyanat yaymışdılar. Vətən müharibəsinə qədər isə bu çağırış ermənilər tərəfindən daha intensiv səsləndirilirdi. Adətən erməni “no war”-çıların çağırışlarının alt qatı belə olurdu:

“Azərbaycanlılar, gəlin, müharibəni, işğalı unudun, sülh dövrünə qədəm qoyaq”.

Yəni aşkar şəkildə deyirdilər ki, Qarabağdan əlinizi çəkin. Təəssüf ki, onların bu çağırışlarına razılaşan azərbaycanlılar da var idi.

Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində ərazilərini işğaldan azad etdikdən sonra həmin erməni “no war”-çılar qeybə çəkildilər. Hətta bəzilərinin radikal erməni millətçisi olduqları, Qarabağı erməni torpağı hesab etdikləri üzə çıxdı. Şübhəsiz ki, erməni lobbisinin maliyyəsi ilə bəslənən bu saxta “no war”-çılar başqa cür davrana da bilməzdilər. Çünki onlara verilmiş konkret tapşırıqlar vardı.

İndi iki toplum arasında isti təmasların, mehriban münasibətlərin başlanması üçün tarixi şans yaranıb. Bəs hanı o erməni “no war”-çı qüvvələr? Niyə erməni soydaşlarına demirlər ki, siz də qatılın aksiyaya, azərbaycanlı gənclərə qoşulun.

Səbəb aydındır: çünki erməni lobbisi bu “no war”-çı qrupu sülh üçün yox, Azərbaycan gənclərinə Qarabağı unutdurmaq, işğala razı salmaq üçün yaratmışdı. Əgər məqsədləri sülh olsaydı, bu 9 gün ərazində Xankəndi-Laçın yolunda aksiyaya qatılmaq və ya Qarabağdakı erməniləri buna razı salmaq üçün hər şeyi edərdilər.

Bu gün biz bir daha anladıq ki, müharibə vaxtı “no war”-çılıq edən qruplar birbaşa erməni lobbisinin maraqlarına, Qarabağın erməni torpağı kimi qalmasına xidmət edirmiş. Lakin artıq Qarabağın Azərbaycan ərazisi olması həqiqətini heç bir qüvvə dəyişə bilməz, çünki bu reallığı Azərbaycan Ordusu yaradıb. Azərbaycan xalqı ilə Xankəndi-Laçın yolunda həmin reallığın təməllərini gücləndirir.

Gənclərimiz Xankəndi-Laçın yoluna “sülh yolu” deyirlər. Azərbaycanlılar və Azərbaycanın erməni vətəndaşları Xankəndi yolunda üz-üzə dayanıb yeni bir sülh dövrünün əsasını qoya bilərlər. Bu, bir neçə il əvvəl “xalqları sülhə hazırlamaq” doktrinası elan edənlər üçün də tarixi fürsətdir. Onların və ermənilərin bu tarixi fürsətdən necə yararlanacağını isə zaman göstərəcək.

Aqşin
Globalinfo.az