Xalq artistləri Azərpaşa Nemətovu təhqir edən aktyoru qınadılar: “Ayıbdır!”

İllər öncə Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılan aktyor Hikmət Rəhimovun dünən vəfat edən Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov haqda “Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!” deməsi ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az məsələ ilə bağlı bir neçə xalq artistinin fikirlərini öyrənməyə çalışıb.

Xalq artisti Rasim Balayev bu fikirlərin yanlış olduğunu bildirib:

“Azərpaşa bir nəfəri bilmirik nəyə görə işdən çıxarıb. Amma ümumilikdə o, nə qədər insanlara yaxşılıq edib. Digər tərəfdən isə rəhməti Allah verir, bəndə yox. Nahaq belə bir söz deyib. Ölən adamın arxasınca elə danışmazlar”.

Xalq artisti Afaq Bəşirqızı insanların fikir bildirmək haqqı olduğunu deyib:

“Buna görə onlara irad tuta bilmərəm. Heç deyə də bilmərəm ki, bunun et, ya etmə. Hər halda, etməsələr daha yaxşı olardı. Çünki artıq bu şəxs ölüb, həyatda yoxdur”.

Xalq artisti Əli Nur bu paylaşımdan qəzəbləndiyini qeyd edib:

“Azərpaşa sonuncu magikan rejissor idi. Rəhmətlik sənəti də, idarəçiliyi də yaxşı bilirdi və bir şəxsiyyət idi. Hikmət Rəhimov Akademik Milli Dram Teatra İsrafil İsrafilov tərəfdən aktyor kimi işə qəbul olunmuşdu. Amma Hikmət çıxıb dedi ki, “Akademik Milli Dram Teatrı heç vaxt teatr olmayıb, 2040-cı ildə də bundan teatr olmayacaq”. Bu, etik olmayan ifadə idi. Digər tərəfdən isə adam teatrda dava salırdı. Ona görə də, Azərpaşa onu uzaqlaşdırdı. İndi durub ölən haqda hər sözü deyir. Ayıbdır! Fuad Poladovla bir yerdə təhsil almışıq. O, gözəl aktyor, böyük sənətkar idi! Hər kəs Fuadı tanıyır və onun teatrdan iki dəfə getmə səbəbini də yaxşı bilir. Fuad Poladovu əllərində bayraq etməsinlər!”

Qeyd edək ki, Xalq artisti Azərpaşa Nemətov dünən 75 yaşında vəfat edib. O bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

Zaira Akifqızı
Globalinfo.az